Odlar yurdunun vulkan qadını – Sevinc Səfərova

Odlar yurdunun vulkan qadını – Sevinc Səfərova

14 İyul 2017 16:16
Bəyəndim (0) Bəyənmədim (0)
Azərbaycanı dünyaya tanıdan zərif qəhrəmanımızla səmimi söhbət

Qadın anadır, qadın bacıdır, qadın həyat dostudur, qadın sözün əsl mənasında böyük qüvvədir. O, ağır bir yükü çiyinlərində daşımağı bacaran zərif qəhrəmandır. Bu gün Azərbaycanın nümunəvi zərif qəhrəmanları kifayət qədərdir. Sizə bəhs edəcəyim insan da məhz belə xanımlardan biri - yazar, ssenarist, rejissor, prodüser Sevinc Səfərovadır. Mətbuatda kimlərsə onu "vulkan qadın", bir başqaları isə "İnsanlara sevinc bəxş edən qadın" kimi təsvir edir. O, "ENES.F production"un, "Şərq ulduzları" teatr ansamblının və "Şərq ulduzları" televiziya layihəsinin rəhbəridir. Kiçik büdcə ilə böyük nailiyyətlər əldə edən və uğurlu yaradıcılığı ilə diqqət çəkən bu xanım qısa bir zamanda ciddi layihələrə imza atıb.

İstedadı və idarəçilik bacarığı ilə cəmiyyət içərisində özünə hörmət qazanan Sevinc Səfərova "Qatillə görüş", "Ruhun səsi", "Kömək edin", "Nə idi o günlər?" kimi filmlərin həm rejissoru, həm də ssenari müəllifidir. Bu filmləri izləsəniz, hətta siz onu baş qəhrəman və aktrisa kimi də görəcəksiniz. Bu sizə asan gəlməsin. Həm yazıb, həm çəkib, həm də çəkilmək heç də asan məsələ deyil.

Film sahəsində bir çox uğurların sahibi olan qəhrəmanımız eyni zamanda televiziya sahəsində də öz möhürünü vurub. Onun imzası olan hər bir layihə böyük marağa səbəb olub. Belə ki, o, Azad Azərbaycan Televiziyasında yayımlanmış olan "Azərbaycan mədəniyyəti", "Mən fəxr edirəm ki, Azərbaycanlıyam", "Portret" kimi verilişlərin ssenaristi olub. Eyni zamanda, İctimai Televiziyada bir çox verilişlərin ssenaristi kimi çalışıb. 2010-cu ildə ANS TV-də yayımlanan "Həyat naminə", "Tibbi yardım", "Vidadi qəzəl gecəsi" kimi verilişlərin layihə rəhbəri və ssenaristi olub. Arzularını gerçəkləşdirmək üçün heç bir əngəl tanımayan bu xanımın istedadı bununla da kifayətlənmir. O, "İki iz", "Kölgə", "Sən olmasaydın"(trilogiya), "7 nömrəli mənzil", "Ağla" kimi əsərlərin müəllifidir. Əsərə gəlmişkən, onu yazar kimi qeyd edib "Günah" romanından bəhs etməsək, yəqin ki, qəbahət olar. Hansı ki, bu romanda dövrümüzün ən aktual problemi və hər bir ailənin başına gələ biləcək hadisələr əks etdirilib. 2016-cı ildə oxuculara təqdim olunan bu roman böyük əks-səda doğurdu. Belə ki, bu gün bəzi incə mövzuları hər yazar ürək edib, özündə cəsarət tapıb qələmə almır. Azərbaycanın görkəmli yazıçısı Çingiz Abdullayevin də sevərək oxuduğu və ziyalı kütləsinə, tanınmış incəsənət nümayəndələrinə tövsiyə etdiyi, şəxsən təqdimatını keçirdiyi bu kitab dünyanın bir çox ölkələrində yayımlanıb. Kitabda müəllifin qeyd etdiyi hadisələr acı bir reallığı əks etdirir. Etiraf edək ki, hər yazar cinsi azlıq mövzusuna müraciət etmir, çünki etsə, qınaqlara tuş gələcəyini nəzərə alır. Ancaq mən əminəm ki, onun sonuncu romanının səsi dünyanın, hətta okeanın o tayından da olsa eşidiləcək. Bir Azərbaycan vətəndaşı olaraq ona baxıb fəxr və qürur hissi ilə "o mənim ölkəmin qadınıdır" deyib qürur duyacam. Onu da nəzərinizə çatdırım ki, Sevinc xanım böyük qalmaqala səbəb olan bu romanına görə "Zəka isığında" Milli Dəyərlərin Təbliğinə Yardım İctimai Birliyi tərəfindən "Milli Zəka" diplomu ilə təltif edilib.

Diplomdan söz düşmüşkən, Sevinc Səfərova bir çox diplomların, mükafatların, sertifikatların sahibidir. Yaradıcılığında əldə etdiyi uğurlara, nailiyyətlərə görə "Qızıl qələm" mükafatına da layiq görülüb. Hansı ki, bu mükafat 1970-ci illərdən etibarən nüfuzlu qələm sahiblərinə, fəal, peşəkar jurnalistlərə, yazıçılara təqdim olunur. Xatırladım ki, adıçəkilən mükafat Azərbaycan Kütləvi İnformasiya Vasitələrinin Həmkarlar İttifaqı Təşkilatı tərəfindən təqdim edilir. Sevinc Səfərova eyni zamanda mətbuat nümayəndələrinin dostudur. Onlarla bərabər bir çox layihələdə iştirak edən bu xanımı qələm əhli də çox sevir.

Yaradıcılığından əlavə Sevinc Səfərovanın bir xanım kimi mətbəxdə əl qabiliyyətinin də zaman-zaman şahidi oluruq. Dünyanın harasına gedirsə getsin, Azərbaycan çörəyi, şəkərburası, paxlavası, qutabları, plovunu bişirib qonağı olduğu ölkələrin vətəndaşlarına bu nemətlərdən daddırmağı, milli mətbəximizi təbliğ etməyi özünə borc bilir. O, hər zaman fəxarətlə deyir ki, dünyanın harasına gedirəmsə gedim, mütləq özümlə bərabər balaca bir Azərbaycanı da aparıram. Əslində, onun bu sözü mənə bir qədər qəribə gəlirdi, ta hər səfərə çıxanda bayrağımızı, milli şirniyyatlarımızı bişirmək üçün lazımi avadanlıqları özü ilə aparmasına şahid olana qədər. Cəmiyyətimizin elit təbəqələrinin nümayəndələri ilə münasibətdə olan, şou biznes əhlinin bir parçası kimi tanınan bu xanımın hətta rayonların birində inək belə sağdığının şahidi olmuşam. Demək istədiyim odur ki, kənardan hər nə qədər inandırıcı görünməsə də, bu xanım yaradıcılığında olduğu kimi evdarlıqda da məharətli və səriştəlidir.

O, eyni zamanda ana kimi də çox xoşbəxt qadındır. Dünyaya gətirdiyi üç övladı - Nail, Elvina və Emilya incəsənətin müxtəlif sahələrində özlərini ixtisaslaşdırmışlar. Velə ki, dünyanın müxtəlif ölkələrində keçirilən beynəlxalq tədbirlərdə ölkəmizi layiqincə təbliğ edirlər. Ölkəmizdə keçirilən çoxsaylı festival və tədbirlərdə çıxışlar edib, layiqli yerləri tuturlar. İstedadlarının isə haradan qaynaqlandığı bəllidir.

Sevinc Səfərova haqqında çox danışmaq olar. Biz inanırıq ki, yaradıcılıq potensialı tükənməyən, əksinə, ildən-ilə yeniliklərlə bizi təəccübləndirən Sevinc Səfərova uğurlu fəaliyyətini dünya coğrafiyası boyu davam etdirəcək. Xüsusən də onun "Şərq ulduzları" layihəsindən heç zaman imtina etməyəcəyinə əminik. Bu yolda həmyerlimizə uğurlar və tükənməz enerji arzulayırıq!

Mediainfo.az