İranda Azərbaycan mədəniyyəti günləri davam edir

İranda Azərbaycan mədəniyyəti günləri davam edir

6 İyul 2017 16:24
Bəyəndim (0) Bəyənmədim (0)

İyulun 3-də İranda başlanan Azərbaycan mədəniyyəti günləri paytaxt Tehrandakı tədbirlərlə yanaşı İsfahan şəhərində də davam edib. İyulun 5-də Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və nümayəndə heyəti İsfahan şəhərinə gəlib.

"Qafqazinfo" xəbər verir ki, nazir Əbülfəs Qarayev İsfahan vilayətinin valisi Rəsul Zərgərpur ilə görüşdə ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edib.

İki ölkə arasında mədəni, tarixi, coğrafi və dini bağlılıqlardan söz açan vali Rəsul Zərgərpur son illər ərzində əlaqələrin yüksək templə davam etdiyini, İran Prezidenti Həsən Ruhaninin Azərbaycanla münasibətlərin genişləndirilməsinə yüksək önəm verdiyini və bu istiqamətdə əhəmiyyətli işlər görüldüyünü diqqətə çatdırıb.

Ölkəmizə səfərini və Azərbaycanın prezidenti İlham Əliyevlə görüşünü xatırlayan Rəsul Zərgərpur bildirib ki, qarşılıqlı səfərlər mövcud əlaqələrin daha da inkişafına imkanlar yaradır.

Vali onu da vurğulayıb ki, İsfahan şəhərinin müxtəlif ölkələrin şəhərləri ilə qardaşlaşmış əlaqələri var və gələcəkdə bu səpkidə Azərbaycanın şəhər və rayonları ilə də müvafiq saziş hazırlana bilər. Bu da öz növbəsində iki ölkə arasında müxtəlif sahələrdə, o cümlədən mədəniyyət və turizm sahəsində əməkdaşlığın genişlənməsinə əlavə zəmin yaradar.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev 2010-cu ildə ilk dəfə İranın Tehran və Təbriz şəhərlərində Azərbaycanın mədəniyyəti günlərinin təşkil olunduğunu qeyd edərək bildirib ki, bu gün iki ölkə arasında mədəni əlaqələrin inkişafı üçün kifayət qədər imkanlar mövcuddur. Bunun nəticəsidir ki, İranın bir sıra şəhərlərində Azərbaycan mədəniyyəti günləri keçirilir, konsertlər, sərgilər, filmlər nümayiş olunur.


Mediainfo.az