Mingəçevir Dövlət Dram Teatrında “Sərgüzəşti-Vəziri-Xani-Lənkəran” tamaşasının premyerası keçirilib
Dünən - iyunun 20-də Mingəçevir Dövlət Dram Teatrında görkəmli Azərbaycan klassiki, milli dramaturgiyamızın banisi Mirzə Fətəli Axundzadənin "Sərgüzəşti-Vəziri-Xani-Lənkəran" tamaşasının premyerası keçirildi. Tamaşaya teatrın baş rejissoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Xəzər Gəncəli quruluş vermişdir.
Mingəçevir Dövlət Dram Teatrının direktor müavini Vüsal Məmmədovun Mediainfo.az-a verdiyi açıqlamaya görə, tamaşa insanları Azərbaycan xanlıqları dövrü ilə tanış edərək, məişət macəraları və o dövrün siyasi hadisələrini ön plana çəkir və bu hadisələri sintezləşdirib birləşdirilmiş şəkildə təsvir edir. 1800-cü illər dönəmi üçün səciyyəvi olan hakimiyyət-rəiyyət, xanlıq-xalq münasibətləri müstəvisində köklənmiş tamaşa, məhəbbət azadlığına sui-qəsd edilməsi, könüllərin zorlanması, mənəvi əsarətin baş alıb getməsi məsələlərinə toxunmaqla, öz siyasi mövqeyini möhkəmlətmək üçün hər cür imkandan istifadə edən qüvvələrin ifşasını hədəfləyir.Tamaşa M.F.Axundzadə ənənələrinə sadiq qalaraq komediyada, məişət-məhəbbət mövzusuna əsas yer verir.
Tamaşanın səhnə tərtibatı gənc rəssam Kəmalə Əsgərovaya məxsusdur.
Tamaşada əsas rolları respublikanın Əməkdar artistləri Şıxı Yaqubov-Xan, Ella Yaqubova-Pəri xanım, artistlərdən Asim Məmmədov-Vəzir, Könül Hacıyeva-Şölə xanım, Elmira İbrahimova-Ziba xanım, Fəridə Məmmədova-Nisə xanım, Paşa Salmanov-Teymur ağa, Aydın Quliyev-Hacı Salah və.s iştirak edirlər.
Tamaşanın geniş auditoriyaya göstərilməsi nəzərdə tutulmuşdur.
Mingəçevir Dövlət Dram Teatrı bu teatr mövsümünü "Sərgüzəşti-Vəziri-Xani-Lənkəran" tamaşası ilə bağlayacaq.
Şəlalə NƏRİMAN




























































































