Bakıda Üzeyir Hacıbəyli III Beynəlxalq Musiqi Festivalı keçiriləcək
Bakıda Üzeyir Hacıbəyli III Beynəlxalq Musiqi Festivalı keçiriləcək. Festivalın təşkilatçısı Heydər Əliyev Fondu ilə Mədəniyyət və Turizm Nazirliyidir. Builki festival Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunur. III Beynəlxalq Musiqi Festivalında Azərbaycanla yanaşı Hollandiya, Avstriya, Cənubi Koreya, Rusiya, Almaniya və Macarıstan musiqiçiləri də iştirak edəcək.
Üzeyir Hacıbəyli III Beynəlxalq Musiqi Festivalı 18-30 sentyabr tarixlərində keçiriləcək. Festivalın açılış mərasimi Ü. Hacıbəylinin doğum günündə - sentyabrın 18-də Filarmoniyada olacaq. Həmin gün Elnarə Kərimovanın rəhbərlik etdiyi "Buta" kamera xoru çıxış edəcək. Festival çərçivəsində sentyabrın 19-da Azərbaycan Akademik Opera və Balet Teatrında Yekaterinburq Akademik Opera və Balet Teatrının ifasında Polad Bülbüloğlunun "Eşq və ölüm" baleti nümayiş olunacaq.
Sentyabrın 20-də M. F. Axundov adına Azərbaycan Milli Kitabxanasında "Azərbaycanın görkəmli şəxsiyyətləri" seriyasından "Müslüm Maqomayev. Biblioqrafiya" kitabının təqdimat mərasimi keçiriləcək.
Festival sentyabrın 30-da Filarmoniyada keçiriləcək Ü. Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin (bədii rəhbər və baş dirijor Rauf Abdullayev) konserti ilə başa çatacaq.
Musiqi ruhun qidasıdır.
Tofiq Əliyev
O.M.