Dünən Beynəlxalq Mətbuat Mərkəzində ENES.F productionun növbəti layihəsi olan "Burulğan" filminin treyleri mətbuat nümayəndələrinə təqdim olundu. Bildirildi ki, sözügedən film öz ssenarisi və süjet xətti ilə digər filmlərdən seçilir. Belə ki, film özündə müharibə, döyüş, sevgi və intiqam kimi süjet xətlərini birləşdirir.
Mətbuat konfransında filmin rejissoru və ssenari müəllifi Sevinc Səfərova bildirdi ki, film çəkilişi zamanı çox yüksək texnika və kameralardan istifadə olunacaq və filmin müəyyən hissəsi xaricdə lentə alınacaq. Keyfiyyət və professionallığın əsas məqsədləri olacağını qeyd edən rejissor xalq olaraq mübarizəni təkcə silahla aparılmasının əleyhinə olduğunu da xüsusi vurğuladı: "Azərbaycan xalqı olaraq mübarizəni təkcə silahla döyüşərək deyil eyni zamanda, mədəniyyətimiz, musiqimiz, idmanımız, filmlərimizlə aparmalıyıq. "Burulğan" bədii filminin ssenarisi də elə bu məqsədlə qələmə alınıb. Bədii filminin ssenarisi daxilində müharibənin günahsız körpələrə, qadınlara, qocalara bir sözlə, insanlığa verdiyi fəsadları göstərmək və Azərbaycan xalqının dinlərə hörmətlə yanaşan tolerant bir xalq olduğunu vurğulamaq, dinindən, irqindən asılı olmayaraq, azad sevgini, öz mədəniyyətimizi və Azərbaycan xalqının mərdliyini geniş şəkildə dünyaya göstərərək, səsimizi film vasitəsi ilə dünyaya duyurmağı qarşımıza məqsəd qoymuşuq".
Filmin digər ssenari müəllifi olan Ruslan Nadir mətbuata açıqlamasında bu layihənin ölkəmizə böyük uğurlar gətirəcəyindən danışdı. Bildirdi ki, film sentyabrın sonlarına yaxın tamaşaçılara təqdim olunacaq.
Filmdə əsas rolları Amin Əliyev, Cavanşir Hadıyev, Hacıbaba Məmmədov, ukraynalı aktrisa Nataliya Nikitina və digər aktyorlar canlandıracaqlar.
Məlumat üçün bildirdək ki, filmin rejissoru Sevinc Səfərova Nyu York film Akademiyasında təhsil alıb. Bir neçə filmlərin müəllifidir.
Hazırladı: Könül Aypara