Parisdə Azərbaycan-fransız musiqi gecəsi keçirilib
Iyulun 14-də Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycanın Dostları Assosiasiyası (ADA) tərəfindən Azərbaycan-Fransa musiqi gecəsi təşkil edilib.
Əvvəlcə ADA-nın prezidenti, Fransa Milli Assambleyasının üzvü Jan-Fransua Mansel qonaqları salamlayıb, Azərbaycan haqqında və ölkəmizin Fransa ilə münasibətləri barədə məlumat verib, Assosiasiyanin fəaliyyətindən və gələcək layihələrindən bəhs edilib. Sonra qonaqlara məşhur fransız yazıçısı Qonzaq Sən Brisin "Aleksandr Duma Qafqazda" adlı 5 dəqiqəlik filmi təqdim edilib. Filmdə A.Dümanın Bakı, Qarabağ və digər bölgələrə səfəri, dahi Azərbaycan şairi Natavan ilə görüşü təsvir edilib. Təqdimatda iştirak edən Sən Bris Azərbaycana səfəri, təəssüratları və filmin necə yaranması haqqında danışıb və suallara cavab verib. Məşhur yazıçı Azərbaycana səfərindən, ölkəmizin zəngin mədəniyyətindən bəhs edib.
Sonra Azərbaycan muğam ustası Qoçaq Əsgərovun və fransız caz ifaçısı Pyer de Treqomanın birgə konserti olub. Konsertdə Azərbaycan (Bayati Kürd, Rast, Sarı Gəlin) və fransız musiqiləri ayrı-ayrı və sintez şəklində ifa edilib.
Musiqi gecəsi Fransanın Milli Bayramına təsadüf etdiyi üçün qonaqlar Eyfel Qulləsinin yanında yerləşən Azərbaycan Mədəniyyət Mərkəzinin binasından bayram atəşfəşanlığını izləyiblər.
Hazırladı: Könül AYPARA