Sənətkar ömrü
Bir yaradıcı insan zirvəyə qalxmaq istəyirsə gərək ki, istədiyi, seçdiyi sənətini mükəmməl öyrənsin. İllərini incəsənətə həsr edən insanlardan biri də Xalq artisti Ağakişi Kazımovdur. Bəstəkar - müğənni Arif Səlimov sənətkar ömrü rubrikasında məhz Ağakişi Kazımovun da həyatından yazılmasını istədi. Biz də daimi oxucumuzun bu arzusunu sevinclə qarşıladıq. Qeyd edim ki, keçən ay A. Kazımovun yubileyi keçirildi. Bu tədbirdə olan müsahibələr və iştirakçılar haqqında yazını olduğu kimi sizlərə çatdırıram.
Xalq artisti Ağakişi Şəmməd oğlu Kazımov 28 iyun 1935-ci ildə Ağcabədidə anadan olub. 1952 - 1957-ci illərdə Azərbaycan Dövlət Teatr İnstitutunun aktyorluq fakültəsində ali təhsil almışdır. 1959-cu ildə Moskvada keçirilən Azərbaycan Ədəbiyyatı və İncəsənəti Dekadasında Akademik Dram Teatrın yaradıcı qrupunun tərkibində iştirak etmişdir. 1960-cı ildə A. Kazımov Mədəniyyət Nazirliyinin əmri ilə Quba Dövlət Dram Teatrına baş rejissor göndərilmişdir. 1964-cü ildə o, Leninqrad Dövlət Teatr, Musiqi və Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsinə daxil olmuşdur. Leninqradda təhsilini başa vurarkən diplom işi ərəfəsində Kazanda Q. Kamal adına Tatarıstan Dövlət Akademik Dram Teatrında M. Bayciyevin "Duel" dramını, diplom işi kimi isə C. Cabbarlının "Aydın" əsərini tatarca hazırlamışdır. 1969 - 1970-ci illərdə o, əvvəl direktor, sonralar isə baş rejissor kimi Sumqayıt Dövlət Musiqili Dram teatrında çalışmışdır. A. Kazımovun quruluşları monimental səhnə həlli, milli ənənəyə sadiqliyi səciyəvidir. . Onun yaradıcılığının estetik mahiyyətini təcəssüm etdirən "Müsibəti Fəxrəddin" (N. Vəzirov), "Toy" (S. Rəhman) - Sumqayıt Dövlət Dram Teatrında, "Təzə gəlin" (S.Dağlı), "Arşın mal alan" (Ü. Hacıbəyov), "Xoşbəxtliyə gedən yol" (İ. Dunayevski) - Dövlət Musiqili Komediya Teatrında, "Komsomol poeması" (İ. Coşqun), "Məlik Məmməd" (Ə. Abbasov), "Hacı Qənbər" (N. Vəzirov), "Kiçik təpə" (N. Xəzri), "Büllur sarayda" (İ. Əfəndiyev) və s. Gənc Tamaşaçılar Teatrında hazırlanan bu tamaşalar müxtəlif janrlıdırlar. Bu da rejissorun sənət duyumunun əsas göstəricisi kimi qiymətləndirilə bilər. "Darıxma, ana!" (N. Dumbadze), "Qəribə oğlan", "Büllur sarayda" (İ. Əfəndiyev), "Mirzə Şəfi" (N. Xəzri), "Sehrli alma" (Y. Lada), "Çahargah fantaziyası" (K. Kərimov), "Od gəlini" (C. Cabbarlı), "Vaqif" (S.Vurğun), "Özümüzü kəsən qılınc", "Dar ağacı", "Rəqabət", "İkinci səs" (B. Vahabzadə).
A Kazımov hal-hazırda Akademik Milli Dram Teatrında quruluşçu rejissor vəzifəsində işləyir. O, bu teatrda bir çox quruluşlar üzərində işləmişdir. Qazandığı sənət uğurlarına görə 1987-ci ildə Əməkdar İncəsənət Xadimi, 2000-ci ildə Xalq Artisti fəxri adlarına layiq görülmüşdür. Prezident təqaüdçüsüdür.
27 noyabrda rejissor, prezident təqaüdçüsü, ömrünü-gününü incəsənətə həsr etmiş Ağakişi Kazımovun 80 illik yubileyini İbrahim Əbilov adına Mədəniyyət Mərkəzində Ağakişi müəllimi sevənlərlə görüş keçirildi. Təbrik üçün Mədəniyyət Mərkəzinin bədii rəhbəri Məhərrəm Nəcəfzadə çıxış etdi. Daha sonra İ. Əbilov adına Mədəniyyət Mərkəziznin direktoru Aidə xanım Muradova çıxış edərək bu görüşü çoxdan gözləyirdim dedi. Mən inanıram ki Ağakişi müəllimi nəinki biz, bütün dünya tanımalıdır. Aidə xanım səbəbkara mədəniyyət ocağı adından daima zirvədə duran simvolik qartal hədiyyə etdi. Sənətkarın yubileyinə Bakı şəhər Mədəniyyət İdarəsinin rəisi Əlikram bəy də öz təbrikini göndərmişdir.
Bəstəkar-müğənni Arif Səlimov dedi ki, mənim Ağakişi müəllimlə tanışlığım təsadüfən oldu. Heç inana bilməzdim ki, mənim sənət müəllimim, Şərqdə ilk opera yazan Azərbaycanın qadın bəstəkarı Şəfiqə Axundovanın 1972-ci ildə yazdığı "Gəlin qayası" operasının 1973-cü ildə səhnəyə hazırlayıb 1974-cü ildə operanı təqdim edən həmin işığına toplaşdığımız Ağakişi Kazımovdur.
İbrahim Əbilov adına Mədəniyyət Mərkəzində keçirilən bu tədbirdə Musiqili Komediya Teatrının aktyorları da iştirak edirdi. Əməkdar artist Atabala Səfərov mənim bu gün bu sənətdə olmağıma görə sizə borcluyam Ağakişi müəllim söylədi. Tədbirin aparıcısı Azad Şükürov "İşıqlı adamlar" şerindən bir parça söylədi və ardınca səhnəyə gənc tamaşaçılar teatrının aktyorlarını dəvət etdi. Ağakişi müəllimin ömür-gün yoldaşı "Solğun çiçəklər" tamaşasındakı çıxışına görə tamaşaçıların sevimlisi Mehriban Abdullayeva və gənc aktyor Elnur Ağakişi müəllimin yaratdığı "Büllur saray" əsərindən bir parça oynadılar.
Mehriban xanım qeyd etdi ki, mən xoşbəxtəm ki, bu insanın yanındayam. Tədbirdə Səfər Məmmədov Xalq Artisti, gözəl xanəndə Əlibaba Məmmədovun "Ürək deyir yaşa hələ" mahnısını ifa etdi. Tədbirdə operamızın solisti, illərini bu sənətə vermiş Raziyə Şirinova da sənətkarı təbrik etdi. Bundan əlavə gözəl aktrisa Almaz Mustafayeva, əməkdar artist müğənni Yusif Mustafayev, xanəndə Həbib Rəhimov də iştirak edirdi. Həsən Cəbrayılov da səhnəyə səbəbkarı təbrik etmək üçün dəvət olundu. O, bir neçə mərhum sənətkarlarımızdan parodiya etdi və qeyd etdi ki Ağakişi Kazımovun ən gözəl arxivləri məndədir. Ağakişi müəllimin 80 yaşı olmağına baxmayaraq onun düşüncələri illər əvvəl onun haqqında çəkilən bütün filmləri ürəklə xatırladı. "Çapıqlı adam" filmini izləsəz onun necə dahi rejissor olduğunu görəcəksiniz. 80 yaşlı Ağakişi Kazımovun bir çox aktyor və aktrisalarımızın bu zirvəyə gəlib çıxmasında çox böyük rolu olub. Elmlər doktoru, əməkdar incəsənət xadimi Aydın Dadaşov da səbəbkarı təbrik etmək üçün səhnəyə çıxdı. Bu çıxışı çox bəyəndim. O, bildirdi ki, hamımızın çox sevdiyi "Bəxt üzüyü" filmində Moşu kimi tanıdığımız gözəl aktyorumuz Valeh Kərimovu da Ağakişi müəllim səhnəyə gətirib. Aydın Dadaşov söylədi ki, Valeh Kərimov Ağakişi müəllimə deyib ki, mən aktyor ola bilmərəm. Məni aktyorluqdan çıxar, mən teatrda işıqçı işləyim. Amma o icazə verməyib və Valeh Kərimov bu günkü gündə xalqımızın sevimli aktyorlarından biri oldu. "Çapıqlı adam" filmini izləyin deyən də Aydın Dadaşov olub.
Ağakişi Kazımov 1995-ci ildə "Yük" filmində Hacı Zeynalabdin Tağıyevi canlandırıb.
Tədbirin ən maraqlı hissələrindən biri də böyük şair Bəxtiyar Vahabzadənin Ağakişi Kazımov haqqında dediyi süjet göstərildi. Bəxtiyar Vahabzadə söylədi ki, mənim iki böyük əsərlərimin rejissoru "Dar ağacı" və "Özümüzü kəsən qılınc" da Ağakişi müəllim olub. Zalda əyləşənlər "Özümüzü kəsən qılınc" dan fraqmentlər izlədilər. Ən maraqlı çıxışlardan biri də respublikamızın Xalq Artisti, xanəndə Canəli Əkbərovun çıxışı olubdur. O, qeyd etdi ki, ilk dəfə 1974-cü ildə səhnəyə qoyulan "Gəlin qayası" operasında Camal rolunu Canəli Əkbərov, Gülbahar rolunu isə Nəzakət Məmmədova ifa edib. Tədbirdə tanınmış jurnalist Alim Nəbioğlu da çıxış edərək sənətkarın yaradıcılığından bəhs etmişdir. Tədbirin sonlarında bəstəkar-müğənni Arif Səlimov royalda ömrünü-gününü incəsənətə həsr edən sənətkarlar haqqında yazdığı və "Yaşayan əfsanə" adlı bəstələdiyi mahnını ifa etdi. Arif Səlimov qeyd etdi ki, mən çox xoşbəxtəm ki, bu gün sənətkarların səhnə aldığı Əbilov adına Mədəniyyət Mərkəzində bu bəstəni ifa edirəm. Çox həyəcanlıyam. Qarşımda dəyərli insanlar dayanıb. Mən də öz adımdan Ağakişi müəllimə can sağlığı arzu edirəm. Arzu edirəm Hamılıqla onun 100 yaşını qeyd edək. Ən böyük arzum elə bu şəkildəki kimi Mehriban xanımla bərabər qeyd edəsiniz.
P.S. Biz də Mediainfo.az və "Oxu Məni " qəzeti adından Ağakişi Kazımovu 80 illik yubileyi münasibətilə təbrik edərək ona uzun ömür, can sağlığı və sənət uğurları arzulayırıq. Və daimi oxucumuz, gözəl bəstəkar - müğənni Arif Səlimova da təşəkkür edirik ki, belə bir günü məhz bizdə işıqlandırmaq istədi. Sənə uğurlar diləyirik Arif. Allahdan istərdik ki, sənin də bəstəkar gecən keçirilsin.
İsa Rəvan









































.jpg)
.jpg)
.jpg)
















































