Bu gün Flora Kərimovanın 70 illiyidir

Bu gün Flora Kərimovanın 70 illiyidir

23 İyul 2011 18:59
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanın Xalq artisti Flora Kərimova 1941-ci il iyulun 23-də anadan olub. Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunu (1964), Azərbaycan Dövlət Tibb Universitetini (1971) və Azərbaycan Dövlət Konservatoriyasını (1977) bitirib. 14 yaşından bədii özfəaliyyət kollektivlərində, Azərbaycan Dövlət Tibb İnstitutunun "Çinar" ansamblında, 1960-cı illərdə Azərbaycan Dövlət Filarmoniyasında çıxış edib. 1983-cü ildən Azərbaycan Teleradio Verilişləri Şirkətinin solistidir. Repertuarında Azərbaycan bəstəkarlarının - Tofiq Quliyev, Emin Sabitoğlu, Elza İbrahimova, Oqtay Rəcəbov, Ramiz Mirişli və s. mahnıları başlıca yer tutur. Azərbaycan Dövlət Opera və Balet Teatrında Leyli obrazını yaradıb. "Qanun naminə" (1968) bədii filmində çəkilib. Flora Kərimova üç dəfə ailə qurub. Üçüncü evlilikdən Zümrüd adlı bir qızı var.

Xatırladaq ki, bu gün məlahətli səsə malik olan F.Kərimovanın 70 yaşı tamam olur. Ağdamın işğalından bəri doğum gününü qeyd etməyən sənətçi yalnız yaxınları ilə bərabər olduğunu vurğulayır.

Flora Kərimovanı 70 illik yubileyi ilə əlaqədar təbrik edirik. Arzu edirik ki, ən böyük arzusuna qovuşsun - yəni qızının qız nəvəsini tezliklə qucağına götürsün.

Könül Aypara

O.M.