Mehriban Əliyeva Fransua Olland ilə görüşüb

Mehriban Əliyeva Fransua Olland ilə görüşüb

4 Sentyabr 2015 11:59
Bəyəndim (0) Bəyənmədim (0)

Fransada səfərdə olan Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyeva sentyabrın 3-də Yelisey sarayında prezident Fransua Olland ilə görüşüb.

Hafta.az-ın AZƏRTAC-a istinadən verdiyi məlumata görə, görüşdə ölkələrimiz arasında ikitərəfli əlaqələrin uğurlu inkişafından məmnunluq ifadə olunub. Fransa prezidenti Fransua Olland Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya Parisdə təşkil olunan mədəniyyət tədbirlərində iştirakına görə minnətdarlıq edib. Ölkələrimiz arasında münasibətlərin böyük potensialının olduğunu deyən Fransua Olland Fransa ilə Azərbaycanın iqtisadiyyat, enerji, informasiya - kommunikasiya texnologiyaları, kosmik sənaye, kənd təsərrüfatı və digər sahələrdə uğurlu əlaqələr qurduğunu vurğulayıb. Fransanın Azərbaycan ilə əlaqələri genişləndirməkdə maraqlı olduğunu qeyd edən Fransua Olland ikitərəfli münasibətlərin gələcəkdə də uğurla inkişaf edəcəyinə əminliyini bildirib.

Birinci xanım Mehriban Əliyeva Azərbaycan-Fransa əlaqələrinin strateji tərəfdaşlıq səviyyəsində olduğunu, münasibətlərin dərinləşdirilməsinin ölkəmizin xarici siyasətində mühüm istiqamət təşkil etdiyini vurğulayıb. Son illərdə Azərbaycanın Fransada daha yaxşı tanıdılması üçün bir çox layihələrin həyata keçirildiyini deyən Mehriban Əliyeva sentyabrın 3-də Parisdə reallaşan Azərbaycan şəhərciyinin açılış mərasiminin də bu silsilədən olduğunu bildirib.

Mehriban Əliyeva qeyd edib ki, bu cür mədəniyyət layihələri artıq Fransanın 25-ə yaxın regionunda da baş tutub, Azərbaycanın və Fransanın 10-dan artıq şəhəri dostluq və qardaşlıq əlaqələri qurub.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransanın roluna toxunan Mehriban Əliyeva ümidvar olduğunu bildirib ki, Fransa bu münaqişənin ölkəmizin ərazi bütövlüyü və beynəlxalq hüquq normaları çərçivəsində həlli ilə bağlı mövqeyini davam etdirəcək.

Prezident Fransua Olland Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizama salınmasında ölkəsinin mövqeyini ifadə edərək, Fransanın bu münaqişənin həllində maraqlı olduğunu vurğulayıb.

***

Sentyabrın 3-də Parisdə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə dünya şöhrətli fotoqraf Reza Deqatinin "Azərbaycan tolerantlıq ölkəsi" adlı fotosərgisi açılıb.

Daha sonra Parisin Pale Royal meydanında Heydər Əliyev Fondunun təşkil etdiyi "Azərbaycan şəhərciyi"nin rəsmi açılışı olub.

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tədbirlərdə iştirak edib.

Parisin 1-ci rayonunun meriyasının binasında açılan "Azərbaycan tolerantlıq ölkəsi" fotosərgisi artıq bir neçə gündür ki, Fransa ictimaiyyətinin, Paris sənətsevərlərinin, xüsusilə nüfuzlu media orqanlarının diqqət mərkəzindədir. Bunu sərginin rəsmi açılış mərasiminə gələn qonaqların çoxluğundan da aydın görmək olurdu.

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva ilə birlikdə Fransanın tanınmış ictimai və mədəniyyət xadimlərinin bu tədbirə qatılması bir daha Reza Deqatinin sənətinə və onun mövzularına olan maraqdan qaynaqlanırdı.

Parisin 1-ci rayonunun meri Jan Fransua Löqare Reza Deqatinin fotolarının həmişə sənətsevərləri təəccübləndirdiyini bildirdi. Qeyd etdi ki, bu sərgi olduqca mühüm mövzuya – tolerantlıq mövzusuna həsr edilib. O, sərginin təşkilinə verdiyi dəstəyə görə Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya təşəkkür etdi.

Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov bu tədbirin ölkələrimiz arasında münasibətlərin möhkəmləndirilməsinə xidmət etdiyini vurğuladı, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın hər zaman mədəniyyətlə bağlı tədbirlərə öz dəstəyini verdiyini söylədi. Reza Diqətinin bu dəfəki fotolarının Azərbaycanda tolerantlıq mühitini aydın şəkildə əks etdirdiyini deyən Elçin Əmirbəyov bildirdi ki, Azərbaycan sivilizasiyaların qovuşduğu məkanda yerləşir və bu sərgi ölkəmizdəki dinlərarası münasibətləri mükəmməl şəkildə göstərə bilir.

Dünya şöhrətli fotoqraf Reza Deqati tədbirə gəldiyinə görə Mehriban Əliyevaya minnətdarlığını bildirdi. Qeyd etdi ki, hazırki mürəkkəb dünyada müxtəlif dinlərin və xalqların mehriban şəraitdə yaşadığı bir məkan var – bu, Azərbaycandır.

Tədbirin təşkilatçısı xanım Karla Areqoni sərginin yüksək səviyyədə keçirilməsi üçün verdikləri dəstəyə görə Azərbaycanın birinci xanımına və əməyi olan hər kəsə minnətdarlığını bildirdi.

Sərgidə məşhur fotoqraf Reza Deqatinin müxtəlif illərdə çəkdiyi fotolar nümayiş etdirilir. Bu fotolar izləyiciləri Azərbaycanda yaşayan müxtəlif millətlər və dinlərə mənsub xalqların həyat tərzi, adət-ənənələri ilə tanış edir. Tanınmış fotoqrafın sərgidəki işləri Azərbaycanda müxtəlif dini icmaların bir-birinə hörmət və ehtiram şəraitində yaşadığının tərənnümünə çevrilib. Fotolarda Azərbaycanın təbiətini, qədim adət-ənənələrini, sadə insanların gündəlik həyatını görmək mümkündür. Bu fotolar həm tarixi məkanlarımızı, Azərbaycanın müxtəlif bölgələrindəki həyat tərzini, həm də bu qədim tarixə sahib ölkəmizin müasirliyini izləyicilərin diqqətinə çatdırır.

Birinci xanım Mehriban Əliyeva Reza Deqatinin Azərbaycana həsr olunmuş kitablarından danışdı, bu kitabların ölkəmizin tanıdılması baxımından əhəmiyyətini vurğuladı.

Bu gün dünyada mədəniyyətlərarası və sivilizasiyalararası dialoq platformasının aparıcı qüvvəsi olan Azərbaycandakı tolerantlıq mühitini ustalıqla tamaşaçılara çatdıran Reza Deqatinin bu sərgisi də Paris sənətsevərləri tərəfindən böyük maraqla qarşılandı. Onu da deyək ki, tanınmış fotojurnalist Azərbaycana ilk dəfə 1987-ci ildə səfər edib. 1997-ci ildə isə bir neçə ay Azərbaycanda yaşayıb, ölkəni gəzərək sadə insanların gündəlik həyatını, məişətini, adət-ənənələrini fotolarda əbədiləşdirib. Reza Deqatinin "Talelərin qovuşması", "Müharibə+Sülh", "Ümid", "Qəlbin pəncərəsi" kimi layihələri dünyada məşhurdur. O, ABŞ-ın Milli Coğrafiya Cəmiyyətinin üzvü, bir çox nüfuzlu universitetlərin fəxri doktoru, Fransa Respublikasının "Xidmətlərə görə" ordeninin laureatıdır.

X X X

Daha sonra milyonlarla ziyarətçisi olan Luvr muzeyinin qarşısındakı məşhur "Pale Royal" meydanında "Azərbaycan şəhərciyi"nin rəsmi açılışı oldu.

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın da açılış mərasimində iştirak etdiyi "Azərbaycan şəhərciyi" Parisdə artıq ikinci dəfədir fəaliyyətə başlayır. Şəhərciyin təşkilindən əsas məqsəd Azərbaycanın xaricdə daha yaxşı tanıdılmasını, Fransada və onun paytaxtında bununla bağlı təbliğat xarakterli tədbirlərin davamlılığını təmin etməkdir.

Tədbirin aparıcısı ölkəmiz və onun zəngin mədəniyyəti haqqında qonaqlara ətraflı məlumat verdi. O, bu il tarixdə ilk dəfə keçirilən birinci Avropa Oyunlarının Bakıda yüksək səviyyədə baş tutduğunu bildirdi, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın bu tədbirdə iştirakından məmnunluğunu ifadə etdi.

Mərasimdə çıxış edən Mehriban Əliyeva bildirdi ki, həm Paris sakinləri, həm də bu şəhərə gələn turistlər Azərbaycan şəhərciyində ölkəmiz haqqında dolğun məlumat ala biləcəklər.

Bu şəhərciyin hazırlanmasında və layihənin həyata keçirilməsində əməyi olanlara minnətdarlığını bildirən Mehriban Əliyeva son illərdə təkcə Parisdə deyil, Fransanın digər şəhərlərində də Azərbaycanın mədəniyyət tədbirlərinin keçirildiyini və bunun böyük maraqla qarşılandığını vurğuladı. Azərbaycanın Fransa ilə ikitərəfli münasibətlərə böyük önəm verdiyini qeyd edən Mehriban Əliyeva son illər bu münasibətlərin strateji tərəfdaşlıq xarakteri daşıdığını, ölkələrimizin bütün sahələrdə uğurlu əməkdaşlıq qurduğunu və bu əlaqələrin genişləndiyini bildirdi. Diqqətə çatdırdı ki, xalqların, insanların daha yaxın olmasında mədəniyyət tədbirləri böyük əhəmiyyət daşıyır və Fransa-Azərbaycan münasibətləri bu sahədə son illər tamamilə yeni səviyyəyə qaldırılıb. Mütəmadi olaraq Fransada Azərbaycan mədəniyyət günləri keçirilir, bu gün Fransanın ali məktəblərində Azərbaycan dili, tarixi, mədəniyyəti tədris olunur. Bakıda fransız liseyi fəaliyyət göstərir, Azərbaycan-Fransa universitetinin yaradılmasına dair niyyət məktubu imzalanıb, 3 ildir ki, Kann şəhərində Azərbaycanın mədəniyyət günləri keçirilir və bu, gözəl ənənəyə çevrilib.

Parisin 1-ci rayonunun meri Jan Fransua Löqare bildirdi ki, Fransa paytaxtının mərkəzində, Luvr muzeyinin qarşısında belə yüksək səviyyəli tədbirin təşkili Azərbaycana marağı daha da artırır. Heydər Əliyev Fondunun bu işdəki fəaliyyətini yüksək qiymətləndirən Jan Fransua Löqare bu cür tədbirlərin ölkələrimiz arasında mədəni mübadilənin daha da genişləndirilməsində mühüm rol oynadığını dedi.

Fransada Azərbaycanın Dostları Assosiasiyasının sədri Jan Fransua Mansel Azərbaycanın birinci xanımı Mehriban Əliyevanı Heydər Əliyev Fondu tərəfindən bu cür yüksək səviyyəli tədbirin təşkilinə görə təbrik etdi. O, ölkəmizdə birinci Avropa Oyunlarının uğurla keçdiyini və bu idman tədbirinin Azərbaycanın qüdrətini bütün dünyaya nümayiş etdirdiyini vurğuladı. Jan Fransua Mansel Prezident İlham Əliyevin və Oyunların Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın Avropanın həyatında mühüm hadisə olan bu idman bayramını keçirməklə böyük uğura imza atdıqlarını diqqətə çatdırdı.

Şəhərciklə tanışlıq zamanı qonaqlar Azərbaycan Dövlət Rəqs Ansamblının çıxışına baxdılar.

"Azərbaycan şəhərciyi"ndə bu dəfə də ölkəmizin tarixi, mədəniyyəti, xalq sənətkarlığı, adət-ənənələri, milli mətbəxi təqdim olunur. "Azərbaycan Parisin ürəyində" adlanan şəhərcik özünəməxsus dizaynda qala divarlarının əhatəsində təşkil olunub. Burada yaradılan bölmələrin hər biri ölkəmizi hərtərəfli tanımağa, xalqların bir-birinə daha da yaxınlaşmasına geniş imkanlar açır. Şəhərcikdə Azərbaycanın xalçaçılıq, dulusçuluq və digər sənətkarlıq məmulatlarının, milli geyim və musiqi alətlərimizin geniş şəbəkəsi yer alıb. Qonaqlar bu sənət nümunələrinin yaradılma prosesini isə buradakı "Emalatxana" bölməsində yaxından izləyə bildilər. Ölkəmizi təmsil edən sənətkarlar mis qab, şəbəkə, xalça və digər sənət nümunələri hazırlayaraq Azərbaycanın qədim və zəngin sənətkarlıq ənənələrini, onların incəliklərini qonaqlara təqdim etdilər.

Şəhərcikdə, həmçinin Fransada yaşayan məşhur azərbaycanlı və ölkəmizdə yaşayan fransızların əsərlərindən ibarət fotosərgi təşkil olunub. "Azərbaycanlılar və fransızlar: tanışlıq tarixi" adlı bu sərgi ölkələrimizin və xalqlarımızın həyatını tərənnüm edir.

"Azərbaycan şəhərciyi"ndə milli mətbəximizi tərənnüm edən köşklər də qurulub. Eyni zamanda, Azərbaycanda fəaliyyət göstərən müxtəlif yerli şirkətlərə aid köşklərdə milli şirniyyatlar, içkilər, xalq sənətkarlıq nümunələri təqdim olunur. Şəhərciyin qonaqları üçün, həmçinin milli mətbəximizin ləziz xörəkləri hazırlanır. Şəhərcikdə Heydər Əliyev Fondunun müxtəlif sahələri əhatə edən nəşrləri də təqdim edilir.

"Azərbaycan şəhərciyi"ndə quraşdırılmış səhnədə konsert proqramları da təşkil edilir.

Xatırladaq ki, Heydər Əliyev Fondu tərəfindən "Azərbaycan şəhərciyi" Parisdə ilk dəfə 2014-cü ildə sentyabrın 19-dan 28-dək San Sülpis meydanında təşkil edilmişdi. İzləyicilərin maraqla qarşıladıqları bu layihə Azərbaycan ilə əlaqələrin genişlənməsinə böyük imkanlar yaratmışdı. Bu maraqdan irəli gələrək Heydər Əliyev Fondu Parisin daha bir məşhur meydanında – Pale Royalda ölkəmizin tarixini, milli-mənəvi dəyərlərini, turizm imkanlarını tərənnüm edən növbəti belə bir şəhərcik təşkil edib. Qeyd edək ki, "Azərbaycan şəhərciyi" sentyabrın 9-dək fəaliyyət göstərəcək.

X X X

Daha sonra tarzən Şəhriyar İmanovun rəhbərliyi ilə Azərbaycanın etno-caz musiqisi təqdim olundu. Qonaqlara xoş anlar yaşadan bu musiqi ölkəmizdə çox dərin caz ənənələrinin olduğunu bir daha nümayiş etdirdi. Səbəblərdən biri isə odur ki, Azərbaycanın musiqi mədəniyyətinin əsasında bütövlükdə improvizasiya durur. Bu, bizi caza daha da yaxınlaşdırır. Azərbaycan Vaqif Mustafazadə, Rafiq Babayev kimi caz ifaçıları ilə fəxr edə bilər. Azərbaycan cazının əsasında milyonlarla azərbaycanlının daxilindən gələn müstəqillik və, eyni zamanda, milli ab-havanın birləşməsi ilə yaradılan fərqli və orijinal bir caz dayanır. Bu, Azərbaycan cazının əfsanəsi adlandırılan Vaqif Mustafazadənin muğamdakı improvizasiyalara caz elementlərinin qarışığı ilə təqdim etdiyi yeni mükəmməl tandem - caz-muğam üslubudur.

Beləliklə, Azərbaycan Fransa tamaşaçılarının qarşısına fərqli ovqat bəxş edən çılğın caz kompozisiyaları ilə çıxdı.

Mediainfo.az