Bu gün ölməz sənətkar Yaşar Nurinin ad günüdür...

Bu gün ölməz sənətkar Yaşar Nurinin ad günüdür...

3 Sentyabr 2015 10:39
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün azərbaycanlı aktyor, komik, psixoloji və dramatik rolların mahir ifaçısı, xalq artisti Yaşar Nurinin doğum günüdür. Artıq üçüncü ildir ki, sənətkar aramızda yoxdur...

Yaşar Nuri 1951-ci il sentyabr ayının 3-də Bakıda tanınmış aktyor Məmmədsadıq Nuriyevin ailəsində dünyaya gəlib. Səhnəyə ilk dəfə on bir yaşında ADMKT-də "Toy kimindir?" (dramaturq Məhərrəm Əlizadə) tamaşasında Tapdıq rolunda çıxıb. Məktəbli vaxtlarında dövlət televiziyasının "Yelkən" verilişinin aparıcılarından olmuşdur. Bundan başqa o, "Buratino", "Qaranquş", "Pioner" uşaq verilişi-teatrlarında müntəzəm iştirak edib. Müxtəlif dram dərnəklərinə getmiş, 26-lar adına mədəniyyət sarayı xalq teatrının tamaşalarında çıxış edib.

Şagird Yaşar gözəgörünən fitri istedada malik idi. O, cəld, çevik, sıxılmırdı, improvizə edə bilirdi. Səsi aydın və yapışıqlı, çöhrəsi şirin, xoşagəlimli idi. Uşaq Yaşar rol apararkən gözləri gülürdü. O, özü də öz oyunundan zövq (bəlkə də ləzzət daha dəqiq olardı) alırdı.

10 yaşından Azərbaycan televiziyasında uşaq verilişlərində çəkilən və teatr səhnələrində uşaq rollarını ifa edən aktyor 1968-ci ildə Bakıdakı 173 nömrəli orta məktəbi bitirib, Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olur. Orada kurs rəhbərləri, tanınmış səhnə xadimləri Rza Təhmasib və Əliheydər Ələkbərovdan aktyorluq sənətinin incəliklərini öyrənib.

İnstitutda, fakültədə, kursda Yaşar qeyri-formal lider idi. Tələbəlik çağlarında hamı ondan çox şey gözləyirdi, hamı onu "hazır aktyor" sayırdı. Yaşarın istedadı yaşından yaşlı idi. İnstitut dövründə "Sevil"də Balaş, "Toy"da Salmanov, "Günahsız Müqəssirlər"də Neznamov və s. obrazları yaradıb.

1972-ci ildə institutu bitirdikdən sonra 1 il orduda xidmət edib və institutun tədris teatrında aktyor işləyib. 1974-cü il dekabr ayının 1-də Akademik Milli Dram Teatrının baş rejissoru Tofiq Kazımovun dəvətilə bu kollektivin aktyor truppasına qəbul olunub.

Yaşar Nuri 1975-ci il noyabr ayının 28-də Rəhimə xanımla ailə həyatı qurub. Rəhimə xanım müəllimədir. Onların iki qız övladı var: Ülviyyə və Ülkər.

Qeyd edək ki, Yaşar Nuri uzun sürən xəstəlikdən sonra 22 noyabr 2012-ci ildə Bakı şəhərindəki Dövlət Gömrük Komitəsi Tibbi Xidməti İdarəsinin Mərkəzi Gömrük Hospitalında vəfat edib və Fəxri Xiyabanda dəfn olunub.

Allah rəhmət eləsin!

Mediainfo.az