İçərişəhərdə "Əli və Nino" filminin çəkilişləri gedir

İçərişəhərdə "Əli və Nino" filminin çəkilişləri gedir

10 Aprel 2015 11:03
Bəyəndim (0) Bəyənmədim (0)
Rollarda əcnəbilər də yer alıblar

Bakıda Qurban Səidin "Əli və Nino" əsərinin ssenarisi əasasında film çəkilişlərinə start verilib. Çəkilişlər əsasən İçərişəhərdə yerləşən Şirvanşahlar Saray Kompleksində, Qoşa Qala Qapısı meydanında və Asəf Zeynallı küçəsində gedir.

Filmin icraçı prodüseri Leyla Əliyeva, prodüseri Kris Tikyer, rejissoru "Bafta" mükafatı sahibi Asif Kapadiya, ssenari müəllifi isə "Academy Award" mükafatı laureatı Kristofer Hemptondur. Filmdə yerli aktyorlarla yanaşı, türkiyəli, iranlı, gürcü və digər əcnəbi aktyorlar da iştirak edirlər. Məsələn, Halit Ergenç filmdə Azərbaycan Xalq Cümhuriyyətinin ilk baş naziri Fətəli Xan Xoyskinin rolunu canlandıracaq.
Xalq artisti Fəxrəddin Manafov məşhur mesenat Hacı Zeynalabdin Tağıyevin, Pərviz Bağırov isə digər Bakı milyonçusu Musa Nağıyevin obrazında görünəcək. Nigar Güləhmədova Hacı Zeynalabdin Tağıyevin xanımı Sona Tağıyevanın rolunda olacaq.

... Qeyd edək ki, müsəlman Əli ilə xristian Ninonun sevgi hekayəsi 1917-18-ci illərdə Bakıda bolşevik işğalı ərəfəsində baş verib. Şərq dəyərlərinə dayanan fikirlərə sahib olan Əli Xan Şirvanşir və qərb mədəniyyətinin daşıyıcısı Nino Kipiani məktəb illərində bir-birlərinə aşiq olublar. Birinci Dünya Müharibəsi və Rusiya inqilabı davam etdiyi vaxtda, Azərbaycanın müstəqillik mübarizəsində olduğu xaotik bir mühitdə Əli şərq mədəniyyətindən gələn fikirləri və Ninoya olan məhəbbəti arasında seçim etmək məcburiyyətində qalıb. Ninonun atası da əvvəlcə fikir ayrılığında olsa da, daha sonra erməni əsilli dostunun məsələyə müdaxilə etməsindən sonra evlilik haqqındakı fikirləri dəyişib. Erməninin Ninonu qaçırmasından sonra Əli xan dinin qaydalarına uyğun olaraq ermənini öldürür və intiqamdan çəkinərək Bakıdan qaçmaq məcburiyyətində qalıb. Aylar sonra Əli xanı yoxsulluq içində tapan Nino onunla evlənib. Rusiya inqilabı və türklərin Bakını azad etmək məqsədi ilə Azərbaycana yürüyüşlərini diqqətlə izləyən Əli rusların Bakını yenidən ələ keçirməsindən sonra Nino ilə birlikdə İrana gediblər. Nino İranda özünü ev həbsi şəraitində hiss edir və xoşbəxt hiss etməyib. Azərbaycanda şərqdəki ilk demokratik cümhuriyyətin qurulmasından sonra Əli xan yenidən Bakıya qayıdıb və yeni respublikanın mədəni və ictimai həyatında aktiv şəkildə yer alıb. Sonralar Əli xana Fransada Azərbaycan səfiri olmaq təklifi gəlsə də, Ninonun İranda keçirdiyi hisslərlə qarşılaşmamaq üçün qəbul etməyib. Əli xan Şirvanşirin qısa həyatı 1920-ci ildə rusların Azərbaycana hücumu ilə sona çatıb. Nino isə yeni anadan olan uşağı ilə birlikdə Gürcüstana qaçıb. Əli xan Şirvanşir Gəncə uğrundakı döyüşlərdə şəhid olur və bütün kitabda hekayə edilənlər əslində onun gündəliyidir.

P.S. Çəkilişlərdə iştirak edən hərbi əsgərlər əslində hərbi qulluqda olan öz əsgərlərimizdir.

Hazırladı: Könül Aypara