Cəlilabadda küp qəbir aşkar edilib - FOTO

Cəlilabadda küp qəbir aşkar edilib - FOTO

3 Aprel 2015 15:31
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanın Cəlilabad rayonunda küp qəbir aşkar olunub.

Apa-nın cənub bürosunun məlumatına görə, qəbir yerli sakinlər tərəfindən rayonun Sabirabad kəndindəki örüş sahəsində aşkarlanıb. Sakinlər qədim dövrə aid iri küpün əvvəlcə təndir olduğunu zənn ediblər. Lakin sonradan mütəmadi yağış sularının axması nəticəsində küpün basdırıldığı ərazidə iri çöküntünün əmələ gəlməsi oranın qəbir yeri olduğunu üzə çıxarıb.

Diametri 2 metrədək olan küpün içərisində insan sümüklərinin qalıqları ilə yanaşı, məişətdə istifadə olunan kiçik ölçülü küplər də tapılıb. Yerli tarixçilərin qənaətincə, qəbirin su hövzəsinə yaxın yerdə tapılması buranın qədim yaşayış məskəni olduğunu deməyə əsas verir.

Cəlilabad rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri İsa Allahverdiyev bildirib ki, eramızın əvvəllərinə aid olduğu güman edilən maddi-mədəniyyət nümunələri toplanaraq, araşdırılması üçün Bakı şəhərinə göndəriləcək. Yaxın vaxtlarda ərazidə Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun mütəxəssislərinin arxeoloji tədqiqatlar aparması gözlənir.

Mediainfo.az