
Nizami Kino Mərkəzində yeni filmlər nümayiş olunur - AFİŞA
Aprelin 2-dən ətibarən Nizami Kino Mərkəzində "Su axtaranlar", "Bir varmış, bir yoxmuş " və "Sevastopol uğrunda döyüş" filmlərinin nümayişi başlayıb.
Türkiyə rejissoru İlksen Başarırın çəkdiyi "Bir varmış, bir yokmuş" filmi romantik hekayə janrındadır.İbtidai sinif müəlliməsi işləyən Nehir günlərin birində təsadüfən dinlədiyi mahnıdan çox təsirlənir. Mahnını çox bəyəndiyindən, onun bəstəkarı Ozanı tapmağı qərara alır. Ozanı tapdıqda onu dərin travma keçirmiş və çıxışı olmayan yol ayrıcında qaldığını başa düşür. Bir tərəfi qətiyyətli, digər tərəfin həyat çırpıntıları içində yaranmış eşq xoşbəxt sonluqla bitəcəkmi?
Filmdə baş rolları Mert Fırat, Melisa Sözen, həmçinin Hare Sürel, Mustafa Uzunyılmaz, Judit Liberman, Onur Şirin, Anıl Altınöz ve Göktay Tosun ifa ediblər.
Növbəti Amerika, Avstraliya və Türkiyə istehsalı olan "Son umid-Su axtaranlar" filmini Hollivud ulduzu Rassel Krou, Endryu Naytın və Endryu Anastasiosun ssenarisi əsasında hərbi dram janrında çəkib. Film bir avstraliyalının Birinci Dünya Müharibəsi vaxtı şəhid olmuş oğullarının cəsədlərini axtarıb tapmaq üçün Qallipoli yarımadasına getməsindən bəhs edir. Bu insan özü də bilmədən itirdiyi ümidini heç fikirləşmədiyi yerdə tapır. Filmdəki hadisələr 1919-cu ildə baş verir.
Baş rollarda Rassel Krou, Cay Kortni, Olqa Kurilenko, İzabel Lukas, Deymon Herriman, Jaklin MakKenzi, Rayan Korr, Meqan Qeyl, Cem Yılmaz və Yılmaz Ərdogan çəkiliblər.
Hərbi dram, melodram və döyüş janrında olan "Sevastopol ugrunda döyüş" filmini Yeqor Olesovun ssenarisi əsasında rejissor Sergey Mokrovitskiy ekranlaşdırıb.
Film əfsanəvi snayper – qadın Lyudmila Pavliçenkonun şərəfli həyat yolundan bəhs edir. Əsgərlər onun adını qışqıraraq döyüşə gedir, düşmənlər isə ona tələ qururdular. Hərb meydanında ölüm və əzab görən qadın üçün əsl sınaq, müharibənin onun əlindən ala biləcəyi sevgisi olub. Bunların öhdəsindən çəlimsiz qadın gələ bilərmi?
Suallara cavabı yalnız filmləri seyr etdikdən sonra tapa bilərsiniz.
Hazırladı: Könül Aypara