Rejissor Ramil Ağasiyev: "Burada qəbahətli heç nə yoxdur"

Rejissor Ramil Ağasiyev: "Burada qəbahətli heç nə yoxdur"

1 Aprel 2015 19:25
Bəyəndim (0) Bəyənmədim (0)

"Arzularının ardınca" gedən gənclər

Gənc rejissor Ramil Ağasıyev melodram janrında hazırladığı "Arzularının ardınca" filminin çəkilişlərini yekunlaşdırıb. Bu barədə Mediainfo.az-a məlumat verən rejissor filmin may ayında nümayiş olunacağını və nəinki Bakı, hətta Sumqayıt Kinoteatrlarına da ayaq açacağını bildirdi.

Ramil Ağasıyev tam metrajlı film çəkməyi uzun müddətdir arzuladığı üçün filmin adını "Arzularının ardınca" qoyub:

"Tam metrajlı film çəkmək mənim arzum olub. Əmimin xərçəngdən ölümü mənə təsir etmişdi. Düşündüm ki, bu mövzuda film çəkim. Elə o an dostum, ssenarist Mehman Rəsulova zəng etdim. Bu mövzu ilə bağlı film çəkmək istədiyimi dedim və ondan film üçün ssenari yazmağını xahiş etdim. Mehman da atasını xərçəng xəstəliyi ucbatından itirib. Bu mövzu əslində onun da yaralı yeri idi. Beləliklə, biz filmi çəkməyə başladıq".

Filmin "16+" olan səhnələrinə gəlincə isə rejissor həmin hissələri dublyorun canlandırdığını dedi. Rejissor bu tip filmləri normal qarşıladığını, burada heç bir qəbahət görmədiyini də əlavə etdi.

Qeyd edək ki, baş rolları Zarina Qurbanova, Ziya Ağa canlandırdığı filmin operatoru Şahmar Səfəroğlu, quruluşçu rəssamı Elgün Vəliyev, ikinci rejissor və prodüser Asif Rəhimov, texniki direktor Nicat Zeynallıdır. Filmdə Rasim Cəfər, xalq artisti Vaqif Əsədov, blogger Aynur Hüseynova, Flora Hüseynova, bir sıra aktyorlar çəkiliblər.

Hazırladı: Könül Aypara