
Aşıq Əhlimanın 60 illik yubileyi təntənəli şəkildə qeyd olunacaq
Tanınmış aşıq, Şirvan aşıq məktəbinin yetirməsi aşıq Əhlimanın 60 illik yubileyi təntənəli şəkildə qeyd olunacaq. Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, 2015-ci il mart ayının 9-da R.Behbudov adına Dövlət Mahnı Teatrında Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Aşıqlar Birliyinin birgə təşkilatçılığı ilə Azərbaycan aşıq sənətinin çağdaş dövrümüzdəki tanınmış nümayəndələrindən biri, Şirvan aşıq mühitinin yetirməsi, Əməkdar Mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Aşıq sənəti kafedrasının müdiri Əhliman Rəhimovun anadan olmasının 60 illik yubileyi qeyd olunacaq.
Respublikamızın görkəmli sənət adamlarının, elm və ədəbiyyat xadimlərinin, çalışdığı universitetdəki həmkarlarının da qatılacağı tədbirdə ustad aşığın sənət dostları, tələbələri, Cənubi Azərbaycandan gəlmiş aşıqlar çıxış edəcək, sözlərinə bəstələnmiş mahnılar səslənəcək.
Qeyd edək ki, Əhliman Rəhimov 1955-ci il martın 10-da Ucar rayonunun Bərgüşad kəndində anadan olub. Hazırda vaxtilə təhsil aldığı Mədəniyyət və İncəsənət Universitetində aşıq sənətini elmi əsaslarla tədris edir. 2000-ci ildən bu universitetdə müəllim kimi fəaliyyət göstərən Əhliman Rəhimov 2011-ci ildə sənətşünaslıq üzrə dissertasiya müdafiə edərək fəlsəfə doktoru elmi dərəcəsi qazanıb. Hazırda "Aşıq sənəti" kafedrasının müdiri və Azərbaycan Aşıqlar Birliyi İdarə Heyətinin üzvüdür.
Ustad aşıq kimi böyük el məhəbbəti qazanmış Aşıq Əhlimanın xidmətləri dövlətimiz tərəfindən də layiqincə qiymətləndirilib, 2007-ci ildə Prezidentin sərəncamı ilə sənətkara "Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət işçisi" fəxri adı verilib.
Mediainfo.az