Demə Səməd Vurğun gəldi – gedərdi...

Demə Səməd Vurğun gəldi – gedərdi...

30 Yanvar 2015 16:21
Bəyəndim (0) Bəyənmədim (0)

Ağlım kəsəndən söz, poeziya vurğunuyam. Ruhumu oxşayan hər hansı bir şeir parçası bütün ruhumu yerindən oynada bilər.

Poeziya sirli bir aləmdir. Bu sirli aləmdən baş çıxarmaq necə deyərlər, hər oğulun işi deyil. Elə bu fikirlər də şair sözüdür: " Zorla Allah olarsan, zorla şair olmazsan"... Ona görə də deyirlər ki, şairlər elə anadan şair doğulurlar...
Mən poeziyanın gücünü, qüdrətini bəlkə də ilk dəfə Səməd Vurğun poeziyasında dərk etmişəm. Və elə o vaxtdan da poeziyanın ovsununa düşmüşəm...
Süfrəmizdən çörək əskik olmadığı kimi, dilimizdən də xalq şairi Səməd Vurğunun şeirləri, xüsusilə " Azərbaycan" şeirindən misralar əskik olmayıb. Həmişə bu qənaətdə olmuşam ki, doğma Azərbaycanımızı bir övlad məhəbbəti ilə vəsf edən bu şeiri bilməyənin özünə azərbaycanlı deməyə haqqı yoxdur.
Qəribədir, böyük şair az qala altı onillikdir ki, cismən bizdən ayrılıb, əbədiyyətə qovuşub. Amma onun şeirləri nə aktuallığını itirib, nə də təravətini. Qəlbləri ehtirasa gətirən bu misraların hər birində böyük Səməd Vurğunun ürək döyüntüləri var.
Səməd Vurğun bir şair, bir söz ustadı kimi müdrik və əlçatmaz idi. Poeziya aləmində onun yeri ən uca zirvə idi. Onu xalqa sevdirən incə rübabı, xalqın ruhuna yaxın bir dildə yazması idi.

Kəndə getdim, bir ağbirçək,
Qucaqladı məni görcək.
O ağladı bir ana tək.
Dedi kaş ki, öləydim mən,
Şair, nə tez qocaldın sən?!

İllər ötdükcə, biz Səməd Vurğunu daha çox sevirik. Ona olan xalq məhəbbəti, istəyi, sevgisi azalmır.
Səməd Vurğun ilham, təbiət, vətən şairidir. İlhamsız şeir yazmazdı . Tez – tez təbiət qoynuna çıxardı. Təbiət vurğunu idi.
Azərbaycanı qarış – qarış gəzmişdi. Ehtiraslı ov həvəskarı idi. Bəlkə də bu bir bəhanə idi. Böyük şair vətən torpağından, onun meşələrindən, ormanlarından, dağlarından , çaylarından, füsunkar guşələrindən doymurdu. Bu yerlərlə hər görüş haçansa dillər əzbəri olan şeir nümunəsinə çevrilirdi.
Səməd Vurğun sadə, zəhmətkeş xalqın içərisindən çıxmış əsl xalq nəğməkarı idi. Bəlkə elə ona görə onun şeirləri bizə ana laylası qədər doğma və şirin gəlir...
Xalq şairi Səməd Vurğun həm də bir ictimai xadim kimi, Azərbaycanı, Azərbaycan ədəbiyyatını bir çox mötəbər və nüfuzlu beynəlxalq tədbirlərdə ləyaqətlə təmsil etmişdi.
Həmişə də böyük və sonsuz sevgi ilə qarşılaşmışdı. Bu onun xoşbəxtliyi idi.
Deyirlər Səməd Vurğun çox şirin bir müsahib olub. Onu ilk dəfə görənlər valeh olub, şirin söhbətlərindən doymazdılar.
Böyük şair ədəbiyyat aləminə ilk qədəm qoyan gənclərin böyük himayədarı , arxası , köməyi idi. O qayğısını gənclərdən əsirgəməz, həm də bundan böyük fəxr duyurdu.
Səməd Vurğunun dövründə gənc olan sovet dövrünün sayılıb – seçilən şair, dramaturqlarından olan Adil Babayevin " Çinar " şeirinə " " Mənim arzum " adlı şeiri vardı. İstəyirəm ki, Səməd Vurğun haqqında məqaləmdə qeyd edəm ki, indiki qocaman şairlərin çoxları ibrət götürsünlər böyük şairimizdən ki, gənclərə o zamanlar necə dəstək olurmuş.

" Mənim arzum"

Daddımsa dünyanın hər nemətini
Dilbər guşələrdə ötdüsə ömrüm.
Dünyanın ən böyük səadətini
Bu böylu çinarın altında gördüm.

Adil Babayev

Şair! Nə incədir rübabın sənin!
Uçurdu qəlbimi çaldığın o saz!
Vətən torpağında bitən gülşənin
Yarpağı saralıb, çiçəyi solmaz.

O səcdə qıldığın çinar kölgəsi
Mənim də şeirimin qibləgahıdır.
Qurbanı olduğum odlar ölkəsi
Hüsnün də, e qin də ilk baharıdır.

Sən ana torpağı qarış – qarış gəz,
Hər daşın altında bir gövhər axtar.
Eşqinə, qəlbinə yad ola bilməz,
Vətən sevgisilə yanan sənətkar.

Şair! Yuvasından tərlanı səslə,
Qartal qanadınla fəzaları aş!
Bu ilk məhəbbətlə, bu ilk həvəslə
Mən keçən yolları sən də keç, qardaş!

Vaxtdır! Bu eşq ilə bir dastan başla,
Min ürək dil açsın hər varağında.
Babalar yurdunu sən də alqışla
Bizim Vaqif kimi Kür qırağında.

Hər otun, çiçəyin öz adını yaz,
Hər insan ömrünün bir kitabı var.
Mənasız gözəllik xatirdə qalmaz
Sənə sarban olsun böyük arzular.

Danışdır torpağı hər sirrini aç,
Oxuyub doymasın nəsillər onu.
Kamalın hüsnündən Günəşə nur saç
Onun nə ilki var, nə də ki sonu

Şeir rübabını sən ürəklə çal,
Ürəksiz deyilən sözlər saxtadır.
Sənə oğlum deyir bu gün istiqbal –
Elə zənn etmə ki, o uzaqdadır!

Gələcək eşqilə yanan bir ürək,
Ağlın fəzasında balü – pər açar...
İstiqbal idrakla şəfəqlənəcək,
Hər tilsimli yolu bir hünər açar.

Uç, uç! Sən xəyalın asimanında,
Hər daşa, torpağa qanad ver, qanad!
Etila hüsnü var insan qanında –
Bizə yüksəl deyir anamız həyat!

Səməd Vurğun

" Komunist" qəzeti , 30 oktyabr 1945 – ci il

Səməd Vurğun böyük həyat aşiqi idi. Ömür vəfasız çıxdı. Cəmi 50 illik bir ömür və əbədiyyət...
Hər şairə, hər qələm sahibinə qismət olmayan bir xoşbəxtlik .
O özünə Vurğun ləqəbi götürmüşdü, ancaq təkcə poeziya vurğunu deyildi. O, həm də insanlığın, xeyirxahlığın, nəcibliyi, gözəlliyin, doğma yurdun vurğunu idi.
Nə qədər ki , söz var, poeziya var, Səməd Vurğun da həmişə bizimlə olacaq...

Allah rəhmət eləsin, Vaqif Səmədoğluna, ağırdır yaradıcı bir insanı itirmək.

Bir şairin canına,
Qıydın fələk sevinmə.
Ahımızı dünyaya,
Yaydın fələk sevinmə.

Ona edərdik qibtə,
Lap qılırdıq biz səcdə.
Ömrünə qansız, nöqtə,
Qoydun fələk sevinmə.

Əclafını, əyrisin.
Öldürmədin qeyrisin.
Nəsimitək dərisin,
Soydun fələk sevinmə.

Ömürdən, ildən alıb,
Fəsildən, güldən alıb.
Bunu da əldən alıb,
Doydun fələk sevinmə...

Qələmə aldı: Fuad Biləsuvarlı