Londonda Aida Mahmudova və Faiq Əhmədin rəssamlıq sərgisi açılıb

Londonda Aida Mahmudova və Faiq Əhmədin rəssamlıq sərgisi açılıb

28 Yanvar 2015 11:28
Bəyəndim (0) Bəyənmədim (0)

"Buta" İncəsənət Mərkəzinin təşkilatçılığı ilə Londonda keçirilən ikinci Beynəlxalq "Buta" Azərbaycan incəsənəti festivalı çərçivəsində məşhur incəsənət qalereyası "Louise Blouin Foundation"da ölkəmizin müasir incəsənətinin istedadlı nümayəndələri Aidə Mahmudovanın və Faiq Əhmədin "Daxili tədqiqat" (Exploring Inward) adlı birgə sərgisi açılıb. Sərginin açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva iştirak ediblər.

"Buta" İncəsənət Mərkəzinin baş direktoru Nəsib Piriyev mərkəzin həyata keçirdiyi bir sıra layihələrdən bəhs edib. O, ikinci Beynəlxalq "Buta" Azərbaycan incəsənəti festivalı çərçivəsində keçiriləcək növbəti tədbirlər haqqında məlumat verib.

Sərginin kuratoru, müasir incəsənət mütəxəssisi, qalereyaçı Fərəh Piriyeva Aidə Mahmudova və Faiq Əhmədin sənət və yaradıcılıqları barədə danışıb. O, Azərbaycanın gənc istedadlarının əsərlərinin dünyada böyük maraq doğurduğunu diqqətə çatdırılıb. Sonra sərgiyə baxış olub.

Fevralın 6-dək davam edəcək sərgidə qədim tarixi kök ilə müasirliyin vəhdətini əks etdirən möhtəşəm Azərbaycan incəsənəti təqdim olunur. Aidə Mahmudovanın 17 metr uzunluğunda kətan üzərinə rəsm edilmiş monumental mənzərə əsəri, Faiq Əhmədin isə ənənəvi Azərbaycan xalçalarından ilhamlanaraq hazırlanan incəsənət qurğuları nümayiş etdirilir.

Mediainfo.az