“Fədakar” filmi təqdim olundu

“Fədakar” filmi təqdim olundu

13 Yanvar 2015 16:15
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadənin 85 illik yubileyinə həsr olunmuş "Fədakar" filmi geniş izləyici kütləsinə təqdim olunub.

İikihissəli bədii-sənədli film Xoşbəxt Yusifzadənin "Ömrün illəri və izləri" kitabındakı həyat oçerkləri əsasında çəkilib. Ssenari müəllifi Eldar İsgəndərzadə olan bu ekran əsəri ARDNŞ-nin sifarişi ilə "SOCAR-Media" İctimai Birliyi tərəfindən istehsal edilib.

Xəzər dənizində neft və qaz yataqlarının kəşfi və işlənməsində gərgin əmək sərf etmiş görkəmli neftçi-alim, akademik Xoşbəxt Yusifzadənin tərcümeyi-halı əslində Azərbaycanın neft epopeyası haqqında maraqlı hekayətdir. "Fədakar" filmində onun ömrünün maraqlı anları, həyat hekayələri xronoloji ardıcıllıqla təqdim edilir. Film əfsanəvi Neft Daşlarında, Bakı şəhərinin müxtəlif guşələrində, Azərbaycan Dövlət Neft Akademiyasında, Pirşağı və Buzovna qəsəbələrində lentə alınıb.

Filmdəki obrazları xalq artistləri Rasim Balayev, Səidə Quliyeva, İlham Əsgərov, əməkdar artistlər Azad Şükürov, Fərhad İsrafilov, Əlican Əzizov, Əliqulu Səmədov, Namis Şirməmmədov, Mirzə Ağazadə, Şamil Süleymanov, aktyorlar Hikmət Rəhimov, Günəş Mehdiyeva, Könül Şahbazova, Rauf Hüseynov və başqaları canlandırıblar.

Ekran əsərinin quruluşçu rejissoru Vasif Məmmədzadə, quruluşçu operatoru Rafiq Quliyev, məsləhətçisi Xaliq Məmmədovdur.

Mediainfo.az