Bəstəkar xəstəxanaya yerləşdirilib - FOTO

Bəstəkar xəstəxanaya yerləşdirilib - FOTO

12 Yanvar 2015 14:23
Bəyəndim (0) Bəyənmədim (0)

Əməkdar incəsənət xadimi, bəstəkar Rəşid Şəfəq yanvarın 10-da Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib.

Bəstəkarın ailəsindən Apa -ya verilən məlumata görə, R.Şəfəq uzun illərdir şəkərli diabet və insultdan əziyyət çəkir: "Şənbə günü vəziyyəti qəflətən pisləşdi, xəstəxanaya apardıq. Vəziyyəti ağır olduğu üçün reanimasiya şöbəsinə yerləşdirdilər. Hazırda səhhətində irəliləyiş yoxdur, vəziyyəti ağır olaraq qalır".

Ailəsindən əlavə ediblər ki, müalicə xərclərini ödəmək onların imkanı xaricindədir: "Mənzil şəraitimiz, ailəmizin maddi durumu ağır vəziyyətdədir. Müalicə xərclərini ödəməyə imkanımız yoxdur. Ailəmizin adından Mədəniyyət və Turizm Nazirliyinə, Bəstəkarlar İttifaqına və digər aidiyyəti qurumlara müraciət edərək xahiş edirik ki, bizə köməklik göstərsinlər. İnanırıq ki, bizim müraciətimizə müsbət cavab veriləcək, Rəşid Şəfəqin yenidən sağlam həyata qayıtmağı üçün köməklərini əsirgəməyəcəklər".

Qeyd edək ki, Rəşid Şəfəq 1940-cı ildə Bakıda anadan olub. O, 1920-1970-ci illərdə müxtəlif bəstəkarlar tərəfindən yazılan uşaq mahnılarının bir qismini xor üçün işləyib. "Beynəlxalq uşaq ili" (1979) münasibətilə "Göyərçinik biz" adlı mahnılar toplusu çap etdirib. Daha sonra uşaqlar və yeniyetmələr üçün "Məktəblinin musiqi aləmi" (1986) adlı kitabı işıq üzü görüb. 1988-ci ildə xor almanaxı şəklində "Məktəbli mahnıları" adlı yeni əsəri çap olunub.

R.Şəfəq bir neçə uşaq operasının müəllifidir. Bəstəkarın əsərləri Türkiyə, Bolqarıstan, Almaniya və s. ölkələrin uşaq xor kollektivlərinin repertuarına daxil edilib.

Mediainfo.az