İtaliyada keçiriləcək turizm yarmarkasında Azərbaycan da iştirak edəcək

İtaliyada keçiriləcək turizm yarmarkasında Azərbaycan da iştirak edəcək

28 Oktyabr 2014 14:15
Bəyəndim (0) Bəyənmədim (0)

Oktyabrın 30-dan noyabrın 2-dək İtaliyanın Paestum şəhərində XVII "Arxeoloji turizm üzrə Aralıq dənizi yarmarkası" keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, hər il dünyanın 30-dək ölkəsinin iştirak etdiyi yarmarkada Azərbaycan "rəsmi qonaq ölkə" statusunda qatılacaq.

YUNESKO, İKKROM, İKOMOS və ÜTT kimi nüfuzlu beynəlxalq təşkilatların tərəfdaşlıq etdiyi yarmarkada ölkəmizin xüsusi statusda iştirakı, onun zəngin irsinin və turizm potensialının daha da geniş tanıdılmasına imkan yaradacaq. Bir neçə gün davam edəcək tədbirlər çərçivəsində ölkəmizə məxsus pavilyon qurulacaq, oktyabrın 30-da arxeoloji tədqiqatlara və onların inteqrasiyasına həsr olunmuş konfrans təşkil ediləcək.

Oktyabrın 31-də milli mətbəximizin nümayişi ilə Azərbaycan gecəsi keçiriləcək. Tədbirdə Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının kollektivi və məşhur caz ifaçısı Elçin Şirinov və qrupunun konsert proqramı ilə çıxışı nəzərdə tutulub.

Qeyd edək ki, Azərbaycanın "rəsmi qonaq ölkə" statusu ilə tədbirdə iştirakı Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı və ölkəmizin İtaliya Respublikasındakı Səfirliyinin tərəfdaşlığı ilə həyata keçirilir.

Mediainfo.az