Nyu-Yorkda “Azərbaycan Evi” fəaliyyətə başlayıb - FOTO

Nyu-Yorkda “Azərbaycan Evi” fəaliyyətə başlayıb - FOTO

8 Oktyabr 2014 16:02
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ-ın Nyu-York şəhərinin Bruklin səmtində Azərbaycan Amerika Qadınlar Assosiasiyasının rəhbəri Münəvvər Vahabovanın rəhbərliyi ilə "Azərbaycan Evi" ("Azerbaijan House") fəaliyyətə başlayıb.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən "Azərbaycan Evi"nin açılış mərasimində Nyu-Yorkdakı Azərbaycan, türk, yəhudi cəmiyyətlərinin təmsilçiləri, Azərbaycanın ABŞ-dakı səfirliyinin nümayəndələri Emil Səfərov, Vüsalə Muradəliyeva, Azərbaycanın BMT yanında daimi nümayəndəliyinin təmsilçisi Fərid Cəbrayılov və digərləri iştirak edib.

Açılış mərasimində çıxış edən Azərbaycan Amerika Qadınlar Assosiasiyasının rəhbəri Münəvvər Vahabova "Azərbaycan Evi"ni azərbaycanlılar, eləcə də digər türkdilli xalqların toplaşacağı mədəniyyət mərkəzinə çevirmək niyyətində olduğunu bildirib: "Bizim məqsədimiz Nyu-Yorkda, əsasən də Bruklində yaşayan azərbaycanlılar, digər türkdilli icmalarının nümayəndələri, həmçinin Azərbaycan yəhudiləri arasında əlaqələrin möhkəmlənməsini təmin etmək, onların Vətən həsrətini paylaşması üçün şərait yaratmaq, eləcə də milli adət-ənənələrimizi yaşatmaqdır".

M.Vahabova hesab edir ki, burada yaradılmış Azərbaycan ab-havası nəinki azərbaycanlıları, eyni zamanda Bruklindəki Azərbaycan yəhudilərini, ruslarını cəlb edəcək. Təşkilat rəhbəri deyib ki, "Azərbaycan Evi"ndə milli mətbəximizin əvəzolunmaz təamlarını təqdim edilməsi Azərbaycan mədəniyyətini ABŞ-da tanıtmaq istiqamətində müəyyən rol oynaya bilər.

Mediainfo.az