Səni təbrik edirik, Şahməmməd!

Səni təbrik edirik, Şahməmməd!

21 Avqust 2014 18:44
Bəyəndim (0) Bəyənmədim (0)

Ağsu rayonunun Ləngəbiz kəndində anadan olmuş, doğma və qonşu kəndlərdə orta təhsil almış, M.Ə.Sabir adına Şamaxı Pedaqoji Texnikumunu bitirmiş, Ağsu rayonunun Cəfərli və Ərəbuşağı kəndlərində müəllim işləmiş, Uzaq Şərqdə əsgəri xidmətdə olmuş, sonra Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirmiş, hüquq-mühafizə orqanlarında məsul vəzifələrdə xidmət etmiş, sıravi polis nəfərindən polkovnik rütbəsinə kimi yüksəlmiş, Moskva şəhərində SSRİ DİN-nin Akademiyasında əyani təhsil almış, Azərbaycan Yazıçılar Birliyinin üzvü şair Şahməmməd Şahməmmədovun 2014-cü ilin avqust ayında 66 yaşı tamam olmuşdur. 31 kitabın, o cümlədən 5 cildlik seçilmiş əsərlərin müəllifidir.

O, dəfələrlə bizim redaksiyanın qonağı olmuşdur. Onunla oxucular arasında yaranmış körpüdən bir daha onun yaradıcılığı ilə bağlı geniş addımlarla keçmək istədik. Razı olmadı. Dərc edilmək üçün yazdığı üç yeni şeirini təqdim etdi. Onları sizin müzakirənizə veririk. Eyni zamanda Şahməmmədi redaksiyamız və oxucular adından doğum günü münasibəti ilə təbrik edərək ona uzun ömür və uğurlu həyat diləyirik.

Nə etməli?

Hər gün səndən zəng gözlədim için-için,

Hər gün səndən nəzir-niyaz, ... nə etməli?

Gözlərimdən dünya axır, için-için,

Bu axara könlüm dözür, ... nə etməli?

İtirmişəm şən günlərin sorağını,

İtirmişəm saçlarımın darağını.

Axtarıram o ürəyin çırağını,

Ağrılarım səni gəzir, ... nə etməli?

Hanı əllər tapa məni, əzə məni,

Aparan yox bir axşamlıq sizə məni.

Kim gətirib bu dünyada gözə məni?

Yaş ötdükcə insan bezir, ... nə etməli?

Dinlə məni, bir baxışın bəsim olar,

Eşitmirəm! Dərman olsa səsin olar.

Qarmı yağır? Uzaqlaşıb məndən bahar,

Varlığımdan külək əsir, ... nə etməli?

Saç bəslədim, saçlarımı əllər yoldu,

Ömür keçir, gülüm görən nədən oldu?

Xəyalımın qapıları bağlı qaldı,

Nədir belə məni əzir... nə etməli? nə etməli?

Yumruq kimi

Aramızdan qoşa divar çəkilib,

Biri bizim, biri sizin həyətdə.

Yolumuzda qara tikan əkilib,

Sevgimizə düşmən olub bizim də.

Yaşayırıq, çürüyürük bilmirəm,

Axı niyə qohum kimi doğulduq?..

Gözlərinin qarasında ölmürəm!

Görüşməyən, öpüşməyən dağ olduq.

Həyat bizi sınaqlardan keçirdi,

Adımızı qoşa çəkən olmadı.

Tanrı bizə tütyəsindən içirdi,

Yolumuza uçrum, qaya salmadı.

Yuxularda görüşürəm səninlə,

Gündüz qara, gecə mənim ağ payım.

Gözləyirsən gecə gələ mənimlə,

Gecələyək körpüsündə bu çayın.

Biz taleyin yazdığını yazırıq,

Yazmaq bəzən qismət olmur adama.

Xatirələr toplayırıq, biz varıq,

Qurban sənə, nəğmə bəslə adıma.

Yaz, yaşasın bu sevginin əzabı,

Yaz, yaşasın küləklərin dilində.

Yaz, yaşasın ürəyimdə ən azı,

Dinməsə də tar-kamanın telində.

Bu sevgiyə ürəyində qala hör,

Mən tikmişəm sarayını dünəndən.

Dünya bizi dara çəkib, yaxşı gör,

Qara saça bəzək olub ağ, dən-dən.

Yaşadacaq bizi Tanrı duası,

Qar içində, od içində, nə edək?

Yumruq olub dağımızın qayası,

Sevgimizin ürəyində bitəcək, bitəcək!

Günlər... Günlər...

(Qurban müəllimin istəyi ilə)

Deyirəm ki gəl qayıdaq,

Çəkir əlin nazlı günlər.

Yarpaq-yarpaq, budaq-budaq,

Sozalır avazlı günlər.

Əziz, doğma o küçədə,

Bizi qucardı gecə də.

Yanıb sönərdin necə də,

Hanı dadlı-duzlu günlər?

Uçub gedib gülüşümüz,

Gedər olub gəlişimiz.

Biz deyilik daha o biz,

Hanı o ulduzlu günlər?

Sığınmazdıq bizə, sizə,

Qərbimizə, Şərqimizə.

Boyanardıq şərqimizə,

Daşa dönüb sazlı günlər.

Heç bilməzdik günlər varmış,

Qara saçlar da ağarmış...

Xoş günə də qar yağarmış,

Qış olarmış yazlı günlər...