VII Beynəlxalq Mstislav Rostropoviç festivalının açılışı olub
Mayın 12-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında VII Beynəlxalq Mstislav Rostropoviç festivalının açılış mərasimi olub. Festival Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin və Mstislav Rostropoviç Fondunun birgə təşkilatçılığı ilə keçirilir.
Açılış mərasimində çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, müstəqillik dövründə görkəmli insanların adlarını daşıyan festivalların keçirilməsi ənənə halını alıb.
VII Beynəlxalq Mstislav Rostropoviç festivalının dünyanın ən mühüm musiqi festivalları siyahısına daxil olduğunu deyən nazir əlavə edib ki, budəfəki musiqi bayramının proqramı zəngindir: "Festivalda səkkiz ölkədən musiqiçilər çıxış edəcəklər. Bir neçə gün ərzində musiqisevərlər şəhərimizin konsert salonlarında həmin musiqiçilərin ifalarını dinləmək imkanı qazanacaqlar. Festival çərçivəsində ölkəmizə təşrif buyuran, həmçinin yerli musiqiçilərin iştirakı ilə ustad dərsləri, konfranslar keçiriləcək".
Festivalın bədii rəhbəri Olqa Rostropoviç bildirib ki, 2007-ci ildən Bakıda keçirilən festival ənənəvi olaraq dünyanın bir çox ölkələrindən görkəmli musiqiçiləri və kollektivləri toplayır və şəhərin ən gözəl konsert zalları festival iştirakçılarının sərəncamına verilir.
Mediainfo.az
Festival mayın 18-dək davam edəcək.