Səməd Vurğunun ev-muzeyinin açılışı olub
Azərbaycanın xalq şairi Səməd Vurğunun ev-muzeyinin yeni ekspozisiyasının açılış mərasimi keçirilib.
Apa-nın məlumatına görə, açılış mərasimində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və başqa mədəniyyət və incəsənət xadimləri iştirak edib.
Ev Muzeyinin direktoru, Səməd Vurğunun nəvəsi Aygün Vəkilova açılış mərasimində iştirak edənlərə muzey haqqında məlumat verib, nümayiş olunan əşyaların tarixi haqqında danışıb. O qeyd edib ki, son illərdə muzeyin təmirə ehtiyacı vardı, ölkə başçısının sərəncamından sonra muzey əsaslı təmir olunaraq ziyarətçilərin ixtiyarına verilib.
Nazir Əbülfəs Qarayev muzeyin təmirdən sonrakı yeni ekspozisiyasının açılışını Azərbaycanın mədəni həyatında əlamətdar hadisə kimi dəyərləndirib: "Sevinirəm ki, bu muzeyin bərpasına nail olduq. Muzey bundan sonra bütün ziyarətçilərin üzünə açıqdır və hər kəs öz evi kimi muzeyə gələ, böyük şairin evi, şəxsi əşyaları ilə tanış ola bilər. Səməd Vurğunun yaradıcılığı dövlətin daim diqqətində olub və muzeyin təmiri, yenidən açılışı bunun əyani sübutudur".
Tədbirdə çıxış edən akademik Teymur Bünyadov Səməd Vurğun haqqında xatirələrini danışıb.
Açılış mərasimində şairin dilindən şeirlər səsləndirilib, nəticəsi Vurğun Vəkilov fortepianoda musiqi parçaları ifa edib.
Qeyd edək ki, Prezident İlham Əliyevin Sərəncamına əsasən Mədəniyyət və Turizm Nazirliyi tərəfindən muzeydə təmir-bərpa və bədii tərtibat işləri həyata keçirilib. Muzey 6 otaqdan ibarətdir. Şairin iş otağı, qonaq və yataq otaqları eynilə qorunub saxlanılır. Ekspozisiyanın bir otağında şairin ailə üzvlərinin şəxsi əşyaları və fotoşəkilləri nümayiş olunur. Digər otaqlarda qurulmuş ekspozisiya isə Səməd Vurğunun həyatı, yaradıcılığı və ictimai fəaliyyətini əks etdirir.