Malıbəyli kənd 1 nömrəli tam orta məktəbində “Qəhrəmanlıq ayı” çərçivəsində tədbirlər keçirilib

Malıbəyli kənd 1 nömrəli tam orta məktəbində “Qəhrəmanlıq ayı” çərçivəsində tədbirlər keçirilib

27 Fevral 2014 13:55
Bəyəndim (0) Bəyənmədim (0)
Fevral ayı Şuşa rayonu Malıbəyli kənd 1 nömrəli tam orta məktəbində “Qəhrəmanlıq ayı” elan edilib

Apa-nın məlumatına görə, "Qəhrəmanlıq ayı" çərçivəsində məktəbin kollektivi silsilə tədbirlər keçirib.

İlk tədbir Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimova həsr edilib. Tədbirdə çıxış edən məktəbin direktoru Günəş Hüseynova bildirib ki, belə tədbirlərin keçirilməsi gənc nəslin vətənpərvər ruhda yetişməsində böyük rol oynayır. O şagirdlərə Mübariz kimi Vətənini, torpağını, xalqını canından çox sevməyi, lazım gələn anda Vətən uğrunda canından keçməyə hazır olmağı tövsiyə edib.

Təşkilatçı müavin Vüsalə Salmanova da M. Qəhrəmanovun şücaətindən danışıb, gənc nəslin Mübariz ruhunda, Mübariz əqidədə böyüməsində təhsilin, təlim-tərbiyənin böyük rolu olduğunu bildirib.

O, fevral ayında həmçinin Malıbəyli, Qaradağlı kəndlərinin işğal edildiyini, ermənilər tərəfindən Xocalı soyqırımının törədildiyini də diqqətə çatdırıb, həmin tarixlərin faciə olmaqla yanaşı, qəhrəmanlıq səhifəsi kimi də anıldığını qeyd edib.

Sonra tədbir bədii hissə ilə davam edib. Hərbi geyimli aşağı sinif şagirdləri İbrahimli Əlisahib, İbrahimli Elvin, Həsənov Emil, Quliyev Mətin, Quliyev Aqşin, Rzayev Azad, Babazadə Ülvi əllərində rəmzi avtomatlar səhnəyə daxil olublar.

Onlar hərbi marş ifa edib, Milli Qəhrəmanlara həsr olunmuş ədəbi-bədii kompozisiya ilə çıxış ediblər.

Sonda Mübariz İbrahimova həsr olunmuş video-çarx nümayiş etdirilib.

Tədbirdə Şuşa rayon Təhsil şöbəsinin əməkdaşı Gülşən Məmmədova da iştirak edib.

"Qəhrəmanlıq ayı" çərçivəsində Malıbəyli, Qaradağlı kəndlərinin işğalı və Xocalı soyqırımına həsr olunmuş tədbirlər də keçirilib.