Dilçilik İnstitutunda Beynəlxalq Ana dili günü münasibətilə elmi sessiya keçirilib

Dilçilik İnstitutunda Beynəlxalq Ana dili günü münasibətilə elmi sessiya keçirilib

21 Fevral 2014 14:08
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda Gənc alim və mütəxəssislər Şurası 21 fevral - Beynəlxalq Ana dili günü münasibətilə elmi sessiya keçirilib.

İnstitutdan apa -ya verilən məlumata görə, iclasda çıxış edən direktor müavini filologiya elmləri doktoru Məhəbbət Mirzəliyeva Ana dili gününün tarixi-mənəvi dəyərindən bəhs edib: "21 fevral bütün dünyada Beynəlxalq Ana dili günü kimi qeyd edilir. BMT 1999-cu ildə Banqladeş səfirinin təşəbbüsü ilə fevralın 21-ni Beynəlxalq Ana dili günü elan edib. Beynəlxalq Ana dili günü hər kəsə öz doğma dilinin varlığını hiss etmək, onunla qürur duymaq, onu inkişaf etdirmək hüququ olduğunu bir daha xatırladır".

Gənc alim və mütəxəssislər Şurasının sədri, dosent Sevinc Əliyeva gənc dilçi alimlərin dilə olan sevgisini yüksək qiymətləndirib. O bildirib ki, institutun tərkibində fəaliyyət göstərən Monitorinq şöbəsi Ana dilinin inkişafı və qorunması üçün əhəmiyyətli işlər görür.

Sessiyada filologiya üzrə fəlsəfə doktoru Rasim Heydərovun "Dillərin inkişafında dil əlaqələrinin rolu" adlı kitabın təqdimatı olub. Məruzəçilərdən dosent Sevinc Məmmədova "Dilimizin saflığını qoruyaq" adlı məruzəsi ilə çıxış edib.

İclasda dosent Təranə Şükürlü Azərbaycan dilinə dövlət qayğısından danışıb. O, qeyd edib ki, Heydər Əliyevin 18 iyun 2001-ci il tarixli "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" fərmanı Azərbaycan dilinin sərbəst inkişafı və geniş tətbiqi üçün zəmin yaratdı: "Bu fərman Azərbaycan dilinin cəmiyyətdə tətbiq dairəsinin genişləndirilməsi və inkişaf etdirilməsi yolunda dövlət qayğısının artırılması deməkdir. 2004-cü ildə ölkə prezident İlham Əliyevin "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" sərəncamı dilimizin inkişafına böyük qayğının təzahürüdür".

Toplantıda institutun əməkdaşlarından professor Oruc Musayev, İsmayıl Məmmədov, Həbib Zərbəliyev, dosent Şahlar Quliyev çıxış edərək öz fikirlərini bölüşüblər.