Rejissor Nadir Diridağlı açıqlama verdi

Rejissor Nadir Diridağlı açıqlama verdi

19 Fevral 2014 18:47
Bəyəndim (0) Bəyənmədim (0)
Çəkilişdə İsmayıllı kəndinin camaatı da iştirak edib

Uzun illərdir ki, Azərbaycan tamaşaçısı yerli serialların qıtlığından gileylənirdi. Braziliya və ya türk seriallarına baxmaqdan təngə gəldiklərini söyləyib, "axı nə vaxt öz seriallarımıza tamaşa edəcəyik?" - deyə narazılıq edirdilər. Əlbəttə, problem maddi sıxıntı ilə bağlı idi. Bunu nəzərə alan ölkə rəhbərimiz İlham Əliyev sərəncam imzalamalı oldu:

"Bu sahədə aparılan işlərin əhəmiyyətini və davam etdirilməsinin zəruriliyini nəzərə alaraq və Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: Milli telefilmlərin, o cümlədən teleserialların çəkilişini dəstəkləmək məqsədilə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasına 6 (altı) milyon manat vəsait ayrılsın".

Beləliklə də günün aktual mövzularına həsr olunmuş telefilmlərin çəkilişinə təkan verilmiş oldu. Telekanallarda müxtəlif ssenarilər üzrə teleseriallar nümayiş etdirilməyə başlandı. Onlardan biri də "Space" telekanalında yayımlanan "Tək olanda qorxma" serialıdır. Hansı ki, tamaşaçıların marağına daha çox səbəb olub. "Bu, Azərbaycan teleməkanında ilk dəfə uşağın baş qəhrəman olduğu televiziya filmidir. Serialda valideynlərini avtomobil qəzasında itirən doğma qardaşların başına gələn həyat hekayələri əks olunur. Ekran əsəri coğrafi ərazi və aktyor heyətinə görə böyük əhatə dairəsinə malikdir. Belə ki, film Qazax. Astara, Xızı, Quba Şamaxı, Bakı və ətraf kəndlərdə lentə alınmaqdadır. Filmdə paytaxt və əyalət teatrının aktyorları ilə yanaşı, qardaş Türkiyənin ondan çox sənətçisi də rol alıb. Həftənin ikinci və bazar günləri "Space" kanalında yayımlanan serial sırf film estetkasinda lentə alınır. Filmdə peşəkar aktyorlarla bərabər, ilk dəfə ekran taleyini yaşayan Cavid Nağıyev, Nigar Dadaşova , Aysel Sultanova və baş rolun 6 yaşlı ifaçısı Rüfət Məmmədov artıq 60 bölümlük serialın qəhrəmanına çevriliblər. Hazırda hadisələr Rusiyada cərəyan elədiyindən məkan kimi İsmayıllı rayonunun İvanovka kəndini seçmişik. Çəkilişlər də yerli kənd əhalisinin iştirakı ilə orada aparılır. Havaların qarlı, soyuq , şaxta və dumanlı keçməsinə baxmayaraq, çəkilişlər davam edir və güman edirəm ki, ayın sonuna kimi beş seriyalıq materiallarla şəhərə dönəcəyik. Filmin ideya müəllifi və bədii rəhbəri Vaqif Mustafayevə, ssenarisi Eyyub Qiyasa, quruluşçu operatoru Rüfət Məmmədova, quruluşçu rəssamı Səbinə Abbasovaya, quruluşçu rejissoru isə mənə aiddir", - deyə Mediainfo.az saytına açıqlama verən Nadir Diridağlı "Tək olanda qorxma" serialının çəkiliş qrupunun İstanbula yola düşəcəklərini əlavə etdi.

Serial və ya film çəkilişlərində əziyyəti olan hər kəsə uğurlar arzulayırıq!

Hazırladı: Könül Aypara