Nazir: “Azərbaycanda turizm şirkətlərinin sayı artıb”

Nazir: “Azərbaycanda turizm şirkətlərinin sayı artıb”

24 Yanvar 2014 19:00
Bəyəndim (0) Bəyənmədim (0)

"2006-2013-cü illərdə respublikamızda muzeylərin sayı 169-dan 217-yə, mehmanxanaların sayı 288-dən 516-ya, turizm şirkətlərinin sayı 245-ə çatıb". Məlumata görə, bunu Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev bildirib. O qeyd edib ki, bu illərdə dövlət büdcəsindən mədəniyyət və turizm obyektlərinin təmir-tikintisinə ayrılan vəsaitin həcmi 13 dəfə artıb. "2006-cı ildə ölkəmizə 1 milyon 194 min nəfər əcnəbi vətəndaş gəlmişdisə, 2013-cü ildə bu göstərici 2 milyon 300 mindən çox olub. Həmin müddətdə Azərbaycandan xarici ölkələrə səfər edənlərin sayı 1 milyon 835 mindən 3 milyon 950 min nəfərə çatıb".

Nazirin sözlərinə görə, 2013-cü ildə üçüncü dəfə gerçəkləşən Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası Heydər Əliyevin 90 illiyinə həsr olunub.

"Prezident İlham Əliyevin təşəbbüsü ilə "Çoxmədəniyyətli dünyada sülh şəraitində birgə yaşamaq" devizi altında 29 may - 1 iyun tarixində Bakıda keçirilən II Dünya Mədəniyyətlərarası Dialoq Forumu ölkəmizin siyasi-mədəni həyatında mühüm hadisə kimi yadda qalıb. Forumun əsas tərəfdaşları qismində UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası, Avropa Şurasının Şimal-Cənub Mərkəzi, İSESCO, BMT-nin Dünya Turizm Təşkilatı kimi beynəlxalq qurumlar çıxış edib".