
BDU alimlərinin ABŞ-da kitabı çap edilib
Bakı Dövlət Universitetinin (BDU) alimlərinin - akademik Abel Məhərrəmovun, professor Məhəmmədəli Ramazanovun və BDU-nun keçmiş doktorantı, kimya üzrə fəlsəfə doktoru Məhəmməd Rza Saboktakinin həmmüəllif olduğu "Perspektiv Nanokompozitlər: Növləri, xassələri və tətbiqləri" adlı monoqrafiyası ABŞ-ın Nyu-York şəhərindəki "Nova Publişer" nəşriyyatında çapdan çıxıb. Bu barədə Apa-ya BDU-nun Mətbuat və informasiya şöbəsindən bildirilib. Məlumata görə, kitabın redaktoru Türkiyənin Hacettəpə Universitetinin kimya fakültəsinin Polimerlərin tədqiqi və radiasiyası laboratoriyasının müdiri, professor Olgun Guvendir. Kitab 10 fəsildən ibarətdir. Monoqrafiyada polimer əsaslı nanokompozitlərin xassələrinin variasiyası və tətbiqləri, kompozitlərin növləri, xassələrin nanohissəciklərin ölçülərindən asılı olaraq dəyişməsi, xərçəng şişinin müalicəsində maqnit nanohissəciklərinin istifadə imkanları və konkret tətbiqləri, bioloji və tibbi nanohissəciklər, fotodinamik müalicə üçün nanohissəciklərin alınması və istifadəsi kimi mühüm elmi araşdırmalar verilib. Monoqrafiya nanotexnologiya istiqamətində çalışan tədqiqatçılar üçün böyük əhəmiyyətə malikdir.