Kübra Əliyeva, bizləri bağışlayın...

Kübra Əliyeva, bizləri bağışlayın...

6 Yanvar 2014 14:19
Bəyəndim (0) Bəyənmədim (0)
Əməkdar artist Mədəniyyət və Turizm Nazirliyindən narazılıq etdi

Bir neçə saat öncə Facebook sosial şəbəkəsindəki bir statusdan möhkəm təsirləndim. Hər cümləsində haqqa, ədalətə car çəkən, hər tutarlı fikrində sanki üsyana qalxan, hər ifadəsində zəhmətinin, əməyinin bir növ sahibsiz qaldığını vurğulayan Kübrabəyim Əliyeva Mədəniyyət və Turizm Nazirliyindən şikayətlənirdi... Arxa planda qaldığını ürəklə yazmışdı...

"Bu gün mənim 65 yaşım tamam oldu. Məni Kanadadan Rəna xanım, İsraildən Almaz xanım, Danimarkadan Təranə, Solmaz, Mehriban, İstanbuldan Elmira xanım, Bakıdan, Gəncədən, Naxçıvandan, Bodrumdan, qızım, nəvəm, nəticəm təbrik etdilər. Sonra canım sizə desin, telefonum bütün günü susmadı. Hələ sosial şəbəkədəki tamaşaçılarımın təbriklərini demirəm. Çünki bunu hər kəs oxuya bilər. Belə uzatmaqda məqsədim var. 1970-ci ildən həyatımı teatra həsr eləmiş, ömrümün 42 ilini bu sənətə, teatra qurban vermişəm. Məni bu gün təbrik etmədi - Mədəniyyət və Turizm Nazirliyi, neçə il qoxusunu udduğum Akademik Milli Teatrının müdiriyyəti. Hələ sağam, möhtərəm məmurlar, bu gün məni yada salmaq lazımdır! Çünki xəstə bir aktrisanın könlünü almaq sizin vəzifə borcunuzdur! Vaxtınız olsa, Kübrabəyim Əliyeva adında 42 illik bir sənətkarın olduğunu unutmayın! Mən şikayət etməyi sevmirəm, amma bu qədər laqeydsizliyə dözə bilmədim. İmza: Əməkdar artist Kübra Əliyeva."

... Onun rolları təkrarolunmazdır, onun özü də bu dünyaya bir dəfə gələnlərdəndir. Bəlkə də bu sözüm gülməli görünə bilər. Amma bu, həqiqətdir! İnsanlar var ki, təkrarlana, əvəz oluna bilirlər. Lakin dahilər siyahısındakı sıralamada Kübra Əliyevanın adı var. Böyük hərflərlə yazılıb! Olmalıdır da!

Çox qəribədir ki, belələrinə sağ ikən qiymət vermirik nədənsə... Üstəlik çox ağır xəstəliklə - xərçənglə mübarizə aparan bir insanı unuduruq. Bu, nəinki incəsənət aləminə, heç insanlığa belə sığmaz! Təəssüflər olsun...

Bu gün onun ad günüdür. Nə az, nə çox, düz 65 illiyidir. Ömrünün 42 ilini Azərbaycan İncəsənətinə, mədəniyyətimizin inkişafına həsr edib. Tam 42 il! Əfsuslar olsun ki, hələ də əməkdar artist adı ilə kifayətlənib. Halbuki, çoxdan Xalq artisti adı ilə təltif olunmalı idi! "42" illik sənət əziyyəti bunu "!" ilə yazmağa haqq verir. Deyilmi?! Əgər səhvim varsa, Kübra Əliyevanın incəsənət aləmindəki fəaliyyətini Tünzalə Ağayevanınkı, Ədalət Şükürovunku, Məleykə Əsədovanınkı və ya bir çoxlarınınkı ilə müqayisə edə bilərsiniz. Kübra Əliyeva bu baxımdan Mədəniyyət və Turizm nazirliyi tərəfindən unudulub!

Bu gün onun 65 illiyidir. Təmtəraqlı qeyd etməyə, onun üçün də diqqət ayırmağa gərək vardı. Amma təəssüflə yazıram ki, bu gün o, unudulub! Yenə də lazımi orqanlar tərəfindən haqqı tapdalanılıb!

Bu gün onun 65 illiyidir! Hər il eyni sənətçilərin ad günlərini təmtəraqla qeyd edərək, iki saatı həmin adamlara həsr edən "Space" telekanalının rəhbərliyi tərəfindən də unudulub!

Bu gün onun 65 illiyidir! Lakin nə telekanallarda, nə mediada, nə də internet xəbər portallarında Kübra xanım haqqında hələ ki, heç bir məlumat verilməyib. Əvəzində Natavan Həbibinin, Tolikin və s. bu kimi ünsürlərin hansısa qondarma təşkilatlar tərəfindən mükafatlandırma mərasimləri yayımlanır. Və ya Rəqsanənin nə işlə məşğul olması, Aytənin göbək rəqsi, Ayanın evli birisindən hamilə qalması gündəmdədir. Hətta dönə-dönə müzakirə olunmaqdadır desəm, daha doğru olar. Demirəm ki, bu cür mövzulara toxunulmasın. Əsla! Onda telekanallarımıza kim baxar? Qəzetləri kim oxuyar və ya portallara kim "Like" işarəsi qoyar? Dərd burasındadır. Amma hər halda, bu cür sənətkarlarımız da unudulmamalıdır. Onlar da layiqli yerlərini tutmalıdırlar! Onlar da tez-tez efirlərə dəvət almalı, haqlarında son xəbərlər verilməlidir.

HAQQINDA:

Əliyeva Kubrabəyim Ağa qızı Gəncə şəhərində anadan olub.1977-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni – maarif fakültəsini bitirib. Sumqayıt Dövlət Dram Teatrında yaratdığı obrazlar bunlardır:

Rasimə ("Anam gəldi" Ş.Xusainov), Gülbadam ("Elbrus evlənir" G.Xuqayev), Gülnisə ("Solğun çiçəklər" C.Cabbarlı), Adilə ("Ana məhəbbəti"Y.Məmmədov), Pəri xala ("Sən nə üçün yaşayırsan"İ.Qasımov, H.Seyidbəyli) və s. Musiqili Komediya Teatrında oynadığı rollar bunlardır. Gövhər xala ("Gözün aydın" M.Əlizadə), Balı ("Qızıl toy" R.Heydər), Gülbadam ("Sevgilimin anası" G.Xuqayev), Sənəm ("Məşədi İbad" H.Hacıbəyov), Balaxanım ("Sonqulunun sərgüzəştləri" R. Əhmədzadə) və s.

Kubrabəyim Əliyeva 1991-ci ildən Akademik Milli Dram Teatrının aktrisasıdır. Teatrın səhnəsində aşağıdakı rolları oynayıb:

Ponsiya ("Dişi canavar " F.Lorka), Nazilə ("Dəlilər və ağıllılar" İ.Əfəndiyev), Hayqanuş ("Hökmdar və qızı" İ.Əfəndiyev), Qaraqoyunlu ana (" Ağqounlular və Qaraqoyunlular" Ə.Əmirli), Firəngiz ("Ah,Paris… Paris!.." Elçin), Ana ("Eloğlu" A.Şaiq). Aktrisa "Evləri köndələn yar" (Bazarkomun arvadı), "Analar"(Zərbuta), "İtkin gəlin" (Xədicə), "Sabiqlər" (Nazirin arvadı), "Sonuncu məhəbbət" (Ümbülnisə) və s. O, 2000-ci ildə Respublikanın Əməkdar Artisti fəxri adına layiq görülüb. 2006-cı ildən Prezident təqaüdçüsüdür.

Əfsuslar olsun ki, Kübra Əliyeva xərçəng xəstəliyi ilə mübarizə apardığına görə səhnələrdən uzaqlaşmaq məcburiyyətində qalıb. Nədənsə çoxları onu tamamilə unudub. Əlbəttə ki, bu laqeydsizlik ömrünün yarıdan çoxunu Azərbaycan incəsənətinə həsr etmiş bir sənətçi kimi ona təsir edib.

P.S. Cabir Novruz! Allah sənə rəhmət eləsin! Amma bizlər unuda-unuda gedirik. Elə sənin o möhtəşəm kəlmələrini də unuduruq...

"Bir arzum var, ay adamlar, qoyun deyim,

Sağlığında qiymət verin insanlara!

Yaxşılara vaxtında yaxşı deyin,

Sağlığında yaman deyin yamanlara!"

Hazırladı: Könül Aypara