12 yaşlı əlil azərbaycanlı Riqada “Qran-Pri” mükafatına layiq görülüb

12 yaşlı əlil azərbaycanlı Riqada “Qran-Pri” mükafatına layiq görülüb

13 Dekabr 2013 16:55
Bəyəndim (0) Bəyənmədim (0)

Gürcüstanda yaşayan gözdən əlil azərbaycanlı musiqiçi, 12 yaşlı Kamran Məmmədov Riqada keçirilən beynəlxalq mahnı müsabiqəsində "Qran-Pri" mükafatına layiq görülüb. Apa-nın Gürcüstan bürosunun məlumatına görə, bununla bağlı Marneulidə keçirilən görüşü Marneuli Mədəniyyət Evinin direktoru Leri Mumladze açaraq 12 yaşlı Kamran Məmmədovu mükafata layiq görülməsi münasibəti ilə təbrik edib.

Tədbirdə Marneuli rayon bələdiyyəsinin sədri İsfəndiyar Kərimov çıxış edərək ARDNŞ-in Gürcüstan nümayəndəliyinin rəhbərliyinə Kamran Məmmədovun Riqaya getməsinə maliyyə yardımı etdiyinə görə təşəkkürünü bildirib.

Daha sonra Kamran Məmmədovun konserti olub.

Kamran Məmmədov açıqlamasında avqust ayında Gürcüstanda keçirilən "Qızıl üzük" müsabiqəsindən sonra Riqada təşkil olunan mahnı müsabiqəsinə dəvətnamə aldığını bildirib: "Mən dekabrın 9-10-da "Riqa simfoniyası" adlı mahnı müsabiqəsində iştirak etdim. Bu müsabiqədə 5 nominasiya uğrunda müsabiqə təşkil edilmişdi. Tədbirdə üç müsabiqəyə qatıldım. Oxuduğum ilk mahnı hamı üçün yazılan "Dünya" mahnısı oldu. Sonra gürcü dilində "Güvən mənə" və Latviya bəstəkarı tərəfindən yazılan üçüncü mahnını oxudum. Müsabiqədə 3 nominasiya üzrə mükafat aldım. Mənə yazılan gürcü mahnısını ifa etdiyimə görə "Qran-Pri" nominasiyasına layiq görüldüm. "Dünya" mahnısına görə, bürünc medalı aldım, Latviya bəstəkarının mahnısına görə isə birinci yerə çıxaraq qızıl medala layiq görüldüm".

Qeyd edək ki, Kamran Məmmədov Tiflis şəhərindəki 202 məktəbin 6-cı sinfində oxuyur, gürcü, Azərbaycan, ingilis, türk və rus dillərini mükəmməl bilir və bir neçə musiqi alətində ifa edə bilir.

Görüşdə onun ailə üzvləri, rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri və jurnalistlər iştirak edib.