İlham Əliyevin xanımı və qızı sərgidə
"Kiçik QalArt" sərgi salonunda istedadlı rəssam Aida Mahmudovanın "Daxili sakitlik" adlı fərdi sərgisi açılıb.
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva sərginin açılış mərasimində iştirak edib."Daxili Sakitlik" sərgisi insan yaddaşı və həsrətin təbiəti haqqında düşüncələrdir. Gənc rəssam öz yaradıcılığında hansısa müəyyən məkana bağlılıqdan daha çox həmin məkanla əlaqəli xatirələri qabardan Vətən həsrəti mövzusunu araşdırır. Əsərlərin müəllifi yaddaşla itirilmiş zəmanənin qəlpələri arasında incə rabitəni aşkar edir. Onun əsərlərində təsvir olunan tarix həyat anlarından, bir-biri ilə əlaqəli olmayan, yalnız fərdi emosional iztirablar və fövqəladə qavrama vasitəsilə duyulan fraqmentlərdən ibarətdir. Rəssamın baxışlarına əsasən həyatın nəhəng şəkilində fərdə məxsus olan ünsürlər sezilir, onun ərsəyə gətirdiyi əsərlər yaddaşın təkamül yolunu izləyir, xatirələrin canlandırılmasının tayı-bərabəri olmayan təcrübəni tamaşaçılara anladır.
Tanınmış ictimai-siyasi xadimlərin, incəsənət təmsilçilərinin iştirak etdikləri mərasimi açan Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq Rəssamı Fərhad Xəlilov rəssam Aida Mahmudovanın yaradıcılıq axtarışlarını yüksək qiymətləndirib. Bildirmişdir ki, bu sərgidə iştirak etmək olduqca xoşdur. Mən Aida Mahmudovanın yaradıcılığını ilk sərgilərindən izləməyə başlamışam. Bu gün təqdim etdiyi sərgi A.Mahmudovanın qısa müddətdə püxtələşməsindən, özünəməxsus yaradıcılıq axtarışlarından xəbər verir.
F.Xəlilov Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın yaradıcı gənclərə, o cümlədən rəssamlara göstərdiyi diqqət və qayğını xüsusi vurğulayıb.
Sərginin adının insanda xoş duyğular yaratdığını söyləyən Xalq Rəssamı Fuad Salayev demişdir ki, bu sərgi insana daxili bir sakitlik gətirir. Bunun özündə də bir harmoniya vardır. Sərgi və burada nümayiş olunan rəsmlər bir daha göstərir ki, hər şey vəhdətdədir, bir-birini tamamlayır.
Fuad Salayev bildirib ki, burada nümayiş olunan Bakının və Abşeronun köhnə vaxtları gənc rəssamın müasir sənət baxışları ilə elə yüksək səviyyədə təqdim edilir ki, insan bundan zövq almaya bilmir. Çox şadam ki, bu qalereyada, köhnə Bakıda gözəl bir sərgi ilə tanış oldum.
Gənc rəssama uğurlar arzulayan F.Salayev deyib ki, o, bundan sonra da sənətsevərləri yeni əsərləri ilə sevindirəcək.Rəssam Aida Mahmudova çıxış edərək tədbirə gələn qonaqlara, ona bu işdə yardımçı olanlara minnətdarlığını bildirib.Sonra qonaqlar "Daxili sakitlik" adlı sərgi ilə tanış olublar.Sərgi oktyabrın 21-dək davam edəcək.
O.M.