Fransa mediası Mərkəzi Bankın sədrinin qızından yazdı
Məqalədə Jan-Klod Jitrununun Mərkəzi Bankın sədrinin qızının modalarını yüksək qiymətləndirdiyi yer alıb
Mərkəzi Bankın sədri Elman Rüstəmovun qızı barəsində Fransa mətbuatında yazı dərc olunub.Oxumeni.az AzərTac-a istinadən xəbər verir ki, fransalı jurnalist Kira Branzənjer moda aləmindən bəhs edən "Paris capitale" jurnalında dərc etdirdiyi "Günel öz moda kolleksiyası üçün Parisi seçdi" sərlövhəli məqaləsində gənc azərbaycanlı modelyer Günel Rüstəmovanın Parisdə nümayiş etdirdiyi moda kolleksiyasından söhbət açıb.
Məqalə Günel Rüstəmovanın sözləri ilə başlanır: "Paris modalar paytaxtıdır. İlk moda kolleksiyamla bu şəhərə gəlmək ən böyük arzum idi". Müəllif azərbaycanlı modelyerin hazırladığı paltarların onun Londondakı emalatxanasında və internet vasitəsilə satıldığını diqqətə çatdırmış və Parisin modalar dünyasının Günel Rüstəmovanın öz istedadını tanıtmaq istiqamətində ilk mərhələ olduğunu vurğulamışdır. Elə bu məqsədlə ən bahalı zinət əşyalarının satıldığı məşhur Vandom meydanında qotik üslubunda tikilən "Evrö" otelində Günelin moda kolleksiyasının nümayiş etdirildiyi qeyd olunur.
Tanınmış moda ustası Jan-Klod Jitrunun Günel Rüstəmovanın modalarını yüksək qiymətləndirdiyi də məqalədə yer alıb.Gənc modelyerin ağ qızıl və gümüşlə bəzədilən müxtəlif forma və rənglərdə paltar kolleksiyasının böyük uğurla nümayiş etdirildiyi bildirilir.
Məqalədə, həmçinin Günel Rüstəmovanın Azərbaycandan sonra moda sahəsində təhsilini Londonda davam etdirdiyi, onun kolleksiyalarının Londondan əlavə, Rusiyada, Ukraynada və Qazaxıstanda müvəffəqiyyətlə nümayiş olunduğu vurğulanıb.
O.M.