Azərbaycanın tanınmış müğənnisi, Xalq artisti Zaur Rzayev dünyasını dəyişib
Mərkəzi Neftçilər Xəstəxanasının Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsində müalicəsi davam etdirilən 1952-ci il təvəllüdlü Xalq artisti Zaur Rzayevin bu gün saat 18:30-da bioloji ölüm faktı qeydə alınıb.
Bu barədə Mərkəzi Neftçilər Xəstəxanasından məlumat verilib.
Qeyd olunub ki, pasiyent oktyabrın 14-də ağır vəziyyətdə Mərkəzi Neftçilər Xəstəxanasına hospitalizasiya olunub, vəziyyətinə uyğun zəruri tibbi müdaxilələr və intensiv müalicə tədbirləri həyata keçirilib. Həkimlərin səylərinə baxmayaraq, pasiyentin həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, Zaur Əlihüseyn oğlu Rzayev 28 yanvar 1952-ci ildə Kürdəmir rayonunun Karrar qəsəbəsində dəmiryolçu Əlihüseyn Rzayevin ailəsində anadan olub. Kiçik yaşlarında ailəsi ilə Hacıqabula köçüb, burada yerləşən 5 nömrəli orta məktəbdə təhsil alıb. 8-ci sinfə qədər burada oxuduqdan sonra Bakıya gələrək təhsilini əvvəlcə Bakı Kitabxanaçılıq Texnikumunda, sonra isə Asəf Zeynallı adına Musiqi Texnikumunda davam etdirib. Bir müddət sonra Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyası nəzdində fəaliyyət göstərən xalq çalğı alətləri ansamblına solist götürülüb.
Zaur Rzayev 1976-cı ildə Bakı Zabitlər Evində hərbi xidmətə başlayıb, elə həmin ildən də buranın solisti, Mahnı və Rəqs Ansamblının bədii rəhbəri olub. Sonradan Azərbaycan Dövlət Mahnı Teatrında solist kimi fəaliyyət göstərib, 1980-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının vokal şöbəsinə daxil olaraq təhsilini davam etdirib. 1994-cü ildə Azərbaycan Silahlı Qüvvələri Mahnı və Rəqs Ansamblının rəhbəri kimi çalışıb.
Zaur Rzayev 24 iyun 1998-ci ildə “Azərbaycan Respublikasının əməkdar artisti”, 2000-ci ildə “Dağıstan Respublikasının əməkdar incəsənət xadimi”, 25 iyun 2003-cü ildə “Azərbaycan Respublikasının xalq artisti”, 22 aprel 2008-ci ildə isə “Dağıstan Respublikasının xalq artisti” fəxri adları verilib.
Oxuməni.az



































.jpg)



















.jpg)
.jpg)
.jpg)






































