Kandinskinin "Rəngarəng həyat" əsəri Londonda 27 milyon funt sterlinqə satılıb

Kandinskinin "Rəngarəng həyat" əsəri Londonda 27 milyon funt sterlinqə satılıb

Bəyəndim (1) Bəyənmədim (0)

Rus rəssamı Vasili Kandinskinin "Rəngarəng həyat" ("Кrаsоçnаya jizn") tablosu Londondakı "Christie's" hərracında 27 milyon funt sterlinqə (31,9 milyon avro) satılıb. Oxuməni. az xəbər verir ki, bu barədə çərşənbə günü hərrac evinin nümayəndələri məlumat veriblər.

Hərrac başlamazdan əvvəl hərrac evi əsərin dəyərini 18-25 milyon funt sterlinq həcmində qiymətləndirmişdi. "dpa" agentliyinin məlumatına görə, vergilərlə birlikdə tablo yeni sahibinə 31,56 milyon funt sterlinqə (37,3 milyon avro) başa gələcək.

"Christie's" hərrac evinin XX və XXI əsr incəsənəti şöbəsinin nümayəndəsi hərrac başlamazdan bir qədər əvvəl bildirib: "Söhbət rəssamın bədii dilinin inkişafını təcəssüm etdirən və sonrakı illərdə üslubunun heyrətamiz transformasiyasından xəbər verən inqilabi bir əsərdən gedir".

Kandinski bu tablonu 1907-ci ildə Parisdə yaradıb. Əsər rəssamın yaradıcılığının erkən dövrünün ən mühüm işlərindən biri hesab olunur və onun abstraksionizmə keçidini əks etdirir.

1927-ci ildə "Rəngarəng həyat" əsərini Amsterdamdan olan Levenşteyn cütlüyü alıb. Daha sonra onlar tablonu Amsterdam Şəhər Muzeyinə icarəyə veriblər.

Niderland nasist Almaniyası tərəfindən işğal edildikdən sonra Kandinskinin əsəri muzeydən müsadirə edilib və 1940-cı ilin oktyabrında hərracda satılıb. 1972-ci ildə tablo Bavariya Torpaq Bankı tərəfindən alınıb və bank öz növbəsində onu Münhen muzeyinə uzunmüddətli icarəyə verib.

Levenşteynlərin varisləri onilliklər ərzində ailə kolleksiyasının geri qaytarılmasına çalışıblar. 2017-ci ildə onlar Bavariya Torpaq Bankına qarşı iddia qaldırıblar.

2023-cü ildə nasist təqibləri nəticəsində müsadirə edilmiş mədəni sərvətlərin qaytarılması üzrə müstəqil komissiya tablonun kolleksiyaçı cütlüyün varislərinə qaytarılmasını tövsiyə edib. Bu, elə həmin il baş verib.

Almaz Həsənli