Van Qoq, Mone və Sezannın nadir əsərləri Nyu-Yorkda "Sotheby's" hərracında satışa çıxarılacaq

Van Qoq, Mone və Sezannın nadir əsərləri Nyu-Yorkda "Sotheby's" hərracında satışa çıxarılacaq

Bəyəndim (1) Bəyənmədim (0)

"Sotheby's" hərrac evi argentinalı kolleksiyaçı Nelli Arrieta de Blakiyenin şəxsi kolleksiyasından olan 12 impressionist və modernist rəssamın əsərini satışa çıxarıb. Oxuməni az xəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb.

Uzun illər ictimaiyyət üçün əlçatmaz olan və "demək olar ki, mifik" reputasiyaya malik kolleksiyaya Vinsent van Qoq, Pol Sezann, Klod Mone, Pol Qogen, Kamil Pissarro, Edqar Deqa, Pyer-Oqüst Renuar, Alfred Sisley, Andre Deren, Anri de Tuluz-Lotrek və Moris de Vlamink kimi rəssamların əsərləri daxildir. "Sotheby's"-in qiymətləndirməsinə görə, əsərlərin ümumi dəyəri 450 milyon dolları ötür.

Ən bahalı lotlar arasında Vinsent van Qoqun 180 milyon dollar dəyərində qiymətləndirilən "Çiçəkləyən şabalıd ağacları" (1890-cı il) tablosu və Sezannın "Arlekin" (150 milyon dollar) əsəri var. "Çiçəkləyən şabalıd ağacları" Van Qoqun Sen-Remidəki klinikadan çıxdıqdan sonra Over-sür-Uazda işlədiyi yaradıcılığının son dövrünə aiddir. Əsər əvvəllər rəssamın qardaşı Teoya, daha sonra isə amerikalı prodüser Corc Qard "Baddi" DeSilvaya məxsus olub. Bu, Overdə yaradılmış və hələ də şəxsi kolleksiyalarda qalan səkkiz tablodan biridir.

"Sotheby's"-in impressionizm və modernizm departamentinin keçmiş direktoru Filip Hukun sözlərinə görə, kolleksiyanın bazara çıxarılması "tarixi bir məqamdır": əsərlərin əhəmiyyətli bir hissəsi uzun müddət şəxsi əllərdə olub və nümayiş etdirilməyib. Hərrac evinin baş incəsənət məsləhətçisi Saymon Şou kolleksiyanı "ilk dəfə qapılarını ictimaiyyətə açan miniatür Orse Muzeyi" kimi xarakterizə edib.

Tablolar iki gün ərzində Londonda nümayiş etdiriləcək, daha sonra Taybey, Honkonq və Parisdə sərgilənəcək. Hərrac noyabrın 18-də Nyu-Yorkda keçiriləcək.

Almaz Həsənli