Buker mükafatı 2026-cı ilin qısa siyahısını elan edib

Buker mükafatı 2026-cı ilin qısa siyahısını elan edib

Bəyəndim (1) Bəyənmədim (0)

Buker mükafatı (The Booker Prize) təşkilat komitəsi 163 əsər arasından seçilmiş altı əsərdən ibarət 2026-cı ilin qısa siyahısını təqdim edib. Oxuməni.az xəbər verir ki, final siyahısı mükafatın rəsmi saytında dərc olunub.

Qısa siyahıya İngiltərə, Şotlandiya, Yamayka və ABŞ-dan olan müəlliflər daxildir. Onların arasında əvvəlki qaliblər Marlon Ceyms və Duqlas Stüart, həmçinin üçqat nominant Elizabet Straut var. Siyahının yarısını mükafatın final mərhələsində ilk dəfə iştirak edən yazıçılar təşkil edir.

Münsiflər heyətinə antik dövr üzrə mütəxəssis və yazıçı Meri Bird rəhbərlik edir. Komissiyanın tərkibinə şair Reymond Antrobus, musiqiçi və publisist Carvis Koker, jurnalist və redaktor Rebekka Lyu və yazıçı Patrisiya Lokvud daxildir.

Mükafat ənənəvi olaraq Böyük Britaniya və İrlandiyada nəşr olunan ingilisdilli bədii nəsrin ən yaxşı nümunələrini qeyd edir. Bu il qısa siyahıya antiutopiya və tarixi romandan tutmuş müasir realist nəsr və satiraya qədər geniş janr spektrini əhatə edən kitablar daxil edilib. Münsiflər heyətinin qiymətləndirməsinə görə, seçilmiş əsərlər şəxsiyyət, ailə münasibətləri, tənhalıq, sağ qalma və insan həssaslığı mövzularını araşdırır.

Qalibin adı noyabrın 9-da Londondakı "Old Billingsgate"də keçiriləcək mərasimdə elan olunacaq. Qalib 50 min funt sterlinq (113 min 900 manat), finalçılar isə hər biri 2,5 min funt sterlinq (5 min 610 manat) məbləğində mükafat alacaqlar.

Ötən il qalib macar-britaniyalı müəllif Devid Soloyun "Ət" (Flesh) romanı olub. 2024-cü ildə isə britaniyalı yazıçı Samanta Harvi ("Orbitdə") qalib gəlmişdi. 2026-cı il Beynəlxalq Buker mükafatını (Man Booker International Prize) isə "Tayvan haqqında yol qeydləri" romanına görə Yan Şuan-tszı qazanıb.

Buker mükafatı 2026-cı ilin qısa siyahısı:

The End of Everything ("Hər şeyin sonu"), Maykl Con Harrison

The Disappearers ("Yoxa çıxanlar"), Marlon Ceyms

Black Bag ("Qara çanta"), Lyuk Kennard

May We Feed the King ("Kralı yedirə bilərikmi"), Rebekka Perri

John of John ("Conun onu"), Duqlas Stüart

The Things We Never Say ("Heç vaxt demədiyimiz şeylər"), Elizabet Straut

Almaz Həsənli