Sentyabrın 18-i Milli Musiqi Günüdür

Sentyabrın 18-i Milli Musiqi Günüdür

Bəyəndim (2) Bəyənmədim (0)

Bu gün Şərqdə ilk operanın müəllifi Üzeyir Hacıbəylinin anadan olmasının 141-ci ildönümü tamam olur

18 sentyabr - Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin dünyaya göz açdığı gün ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur. Ümummilli Lider Heydər Əliyevin müvafiq Fərmanına əsasən, bu gün münasibətilə hər il Azərbaycanın müxtəlif bölgələrində silsilə tədbirlər keçirilir.Oxuməni.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu gün dahi bəstəkar, Azərbaycan professional musiqi sənətinin banisi, musiqişünas-alim, Şərqdə ilk operanın müəllifi kimi tanınan, ictimai xadim Üzeyir Hacıbəylinin anadan olmasının 141-ci ildönümü tamam olur.

2025-ci il fevralın 3-də Prezident İlham Əliyev Şərqdə ilk operanın yaradıcısı, böyük musiqişünas-alim, istedadlı publisist, dramaturq və pedaqoq, tanınmış ictimai xadim, Xalq artisti, Dövlət mükafatları laureatı, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Üzeyir Hacıbəylinin anadan olmasının 140 iliyi münasibətilə Sərəncam imzalayıb.

Sərəncamda deyilir: “Üzeyir Hacıbəyli çoxşaxəli yaradıcılığı ilə Azərbaycan mədəniyyəti tarixində silinməz iz qoymuş qüdrətli şəxsiyyətlərdəndir. Ömrünü cəmiyyətin mədəni tərəqqisinə həsr edən fədakar ziyalının yüksək mənəvi-estetik dəyərə malik irsi Azərbaycan xalqının XX əsrin ilk onilliklərindən vüsət almış ədəbi-mədəni intibahının aynasıdır. Azərbaycan bəstəkarlıq məktəbinin banisi olan Üzeyir Hacıbəyli novator sənətkar kimi milli musiqi xəzinəsini unikal forma və janrlarla zənginləşdirmişdir. O, Şərqin və Qərbin musiqi nailiyyətlərinin dərin vəhdətində dünya musiqisinin qızıl fondunda fəxri yer tutan nadir sənət inciləri meydana gətirmiş, Azərbaycan mədəniyyətinə beynəlxalq miqyasda geniş şöhrət qazandırmışdır. Üzeyir Hacıbəyli, eyni zamanda, parlaq bədii dühası sayəsində Azərbaycan dramaturgiyasına dəyərli töhfələr vermiş, alovlu publisistikası ilə mətbuat salnaməsinə yeni səhifələr yazmışdır. Onun azərbaycançılıq məfkurəsi ilə yoğurulmuş dolğun ictimai-siyasi fəaliyyəti əsl vətənpərvərlik nümunəsidir”.

Üzeyir Hacıbəyli Festivalı: musiqi, sənət və beynəlxalq görüşlər

Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə sentyabrın 18-dən 30-dək keçiriləcək XVIII Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalının çox zəngin proqramı var. Bakı ilə yanaşı, Ağcabədi, Gəncə, Şuşa, Laçın, Ağdam və Lənkəranda müxtəlif konsert proqramları, tamaşalar, sərgilər, təqdimatlar və digər mədəni tədbirlər təşkil olunacaq.

Festival çərçivəsində Şuşada da konsert təşkil olunacaq. Üzeyir Hacıbəylinin Şuşadakı ev-muzeyinin qarşısında keçiriləcək konsertdə Qarabağ Universitetinin kollektivi, "Cadenza" orkestri, tələbə xoru və solistlər iştirak edəcəklər. Proqramda Üzeyir Hacıbəylinin "Koroğlu", "Leyli və Məcnun", "Arşın mal alan" əsərləri ilə yanaşı, Azərbaycan bəstəkarlarının digər əsərləri də təqdim olunacaq.

Festivalın açılış mərasimi Azərbaycan Dövlət Akademik Filarmoniyasında keçiriləcək. Açılışda Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri çıxış edəcək. Orkestrə Fuad İbrahimov dirijorluq edəcək. Solistlər arasında Macarıstandan skripka ifaçısı Sandor Laszlo, eləcə də Nicat Salmanov və Alim Sadıxov yer alacaq.

Sentyabrın 19-da Türk Dünyası Bəstəkarlarının I Qurultayının açılışı keçiriləcək. Qurultay çərçivəsində Türk Bəstəkarlar İttifaqının (Turkic Union of Composers) təsis iclası, kamera musiqisi konserti və digər tədbirlər təşkil olunacaq.

Festival proqramında müxtəlif ölkələrdən musiqiçilərin iştirakı ilə konsertlər də nəzərdə tutulub. Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzi ilə birgə "Sound of the Land of Fire Music Competition" layihəsinin qaliblərinin konsertləri, Avstriyadan gələn ifaçıların proqramları, eləcə də Türkiyə və digər türk dövlətlərinin musiqi əsərlərindən ibarət konsertlər keçiriləcək.

Sentyabrın 23-də Laçında "Royalların təqdimatı" layihəsi çərçivəsində konsert proqramı təqdim ediləcək. Proqramda Azərbaycan bəstəkarlarının əsərləri ilə yanaşı, V.Mustafazadə, Q.Qarayev, F.Bədəlbəyli, T.Quliyev, M.Maqomayev və digər bəstəkarların əsərləri səsləndiriləcək.

Festival çərçivəsində sentyabrın 24-də Heydər Əliyev Sarayında Üzeyir Hacıbəylinin "Koroğlu" operası, Lənkəran Dövlət Dram Teatrında isə "Arşın mal alan" operettası nümayiş olunacaq.

Sentyabrın 26-da isə Avstriyadan dirijor Markus Qayselhartın (Markus Geiselhart) rəhbərliyi ilə Estrada-Simfonik Orkestrinin iştirakı ilə "Şərq ekspresi – Vyanadan Bakıya" (Orient Express) adlı konsert keçiriləcək. Proqramda Markus Qayselhart, Rafiq Babayev, Tofiq Quliyev, Elbəy Məmmədzadə və digər bəstəkarların əsərləri təqdim ediləcək.

Festivalın sonuncu günündə – sentyabrın 30-da Azərbaycan Dövlət Akademik Filarmoniyasında Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti təşkil olunacaq. Xalq artisti Yalçın Adıgözəlovun dirijorluq edəcəyi konsertdə Gürcüstandan skripka ifaçısı Eliso Qoqibedaşvili (Elisso Gogibedaschwill) solist qismində çıxış edəcək.

Festival proqramı xarici ölkələri də əhatə edir. Sentyabrın 19-da Ankarada Üzeyir Hacıbəylinin xatirəsinə həsr olunmuş, Azərbaycan və Türkiyə opera sənətçilərinin birgə iştirakı ilə konsert proqramı keçiriləcək. Tədbir Ankara "Mədəniyyət Yolu" Festivalının açılışı çərçivəsində təşkil olunacaq.

Azərbaycan musiqi tarixində yeni dövr: Üzeyir Hacıbəyli və ilk opera

Üzeyir Hacıbəyli bəstəkar, alim, yazıçı, publisist, ictimai və siyasi xadim kimi çoxşaxəli fəaliyyəti ilə yanaşı, Şərqdə ilk operanın banisi kimi tanınan sənətkardır. Məhz onun fədakar əməyi sayəsində Azərbaycan milli opera sənətinin tarixi 1908-ci il yanvarın 12-də (25-də) Bakıda Hacı Zeynalabdin Tağıyevin teatrında tamaşaya qoyulan “Leyli və Məcnun” operası ilə başlandı. Operanın ilk dirijoru Əbdürrəhim bəy Haqverdiyev, rejissoru Hüseyn Ərəblinski olub. Məcnun rolunda ölməz sənətkar Hüseynqulu Sarabski, Leyli rolunda isə aşpaz şagirdi Əbdürrəhim Fərəcov çıxış ediblər.

Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin eyniadlı poeması əsasında hazırlanmış “Leyli və Məcnun” yalnız Azərbaycanın deyil, həm də Şərqin ilk operasıdır. Qoca Şərqin opera tarixi məhz bu gündən başlanıb. İlk operanın uğurlarından ruhlanan Üzeyir bəy bir-birinin ardınca “Şeyx Sənan” (1909), “Rüstəm və Söhrab” (1910), “Şah Abbas və Xurşidbanu”, “Əsli və Kərəm” (1912), “Harun və Leyla” (1915) kimi milli operalar yazıb.

“Koroğlu”dan “Arşın mal alan”a

Üzeyir Hacıbəyli yaradıcılığının zirvəsi “Koroğlu” operasıdır. “Koroğlu” təkcə Azərbaycan mədəniyyətində deyil, dünya operalarının sırasında əzəmətlə dayanan parlaq nümunələrdən biridir. “Koroğlu” operası Moskva tamaşaçılarını da məftun etmişdi. Taleyi uğurlu gətirmiş bu nəhəng əsər keçmiş sovet respublikalarının opera və balet teatrlarında dəfələrlə göstərilib.

Üzeyir Hacıbəylinin “Füruzə” adlı yarımçıq qalmış bir operası da olub. Xalq rəvayətləri əsasında hazırlanan bu operanın musiqi parçaları arasında “Füruzə”nin ariyası xüsusilə diqqətəlayiqdir. Bəlkə elə buna görədir ki, opera yarımçıq qalsa da, ariya uzun illər müğənnilər tərəfindən məharətlə ifa edilib.

Şərqdə ilk operetta janrının yaranması da Üzeyir Hacıbəylinin adı ilə bağlıdır. Dahi bəstəkarın ilk musiqili komediyası üç pərdədən ibarət “Ər və arvad”dır. Bu əsər Azərbaycanda musiqili komediyanın ilk nümunəsidir. Əsərin ilk tamaşası 1910-cu ildə olub. Rollarda H.Sarabski (Mərcan bəy), Ə.Ağdamski (Minnət xanım) və başqaları çıxış ediblər.

Müəllifin ikinci musiqili komediyası “O olmasın, bu olsun”dur. Əsərin ilk tamaşası 1911-ci ilin aprelində Bakıda olub. Sonralar musiqili komediya müxtəlif dillərə tərcümə olunaraq səhnələşdirilib.

Ölməz sənətkarın üçüncü və sonuncu musiqili komediyası “Arşın mal alan”dır. Bu operetta 70-ə yaxın xarici dilə tərcümə edilib, 100-dən çox teatrın səhnəsində oynanılıb. “Arşın mal alan” beş dəfə ekranlaşdırılıb, dəfələrlə qrammofon valına yazılıb. Bu musiqili komediya əsasında ilk bədii film 1916-cı ildə çəkilib. Bu, səssiz film olub.

Üzeyir Hacıbəyli irsi bitib-tükənməyən milli sərvətdir

Üzeyir Hacıbəylinin ədəbi irsi də çox zəngin və qiymətlidir. Bütün ömrü boyu Azərbaycan mədəniyyətinə, musiqisinə xidmət edən bu unudulmaz şəxsiyyət 300-dən çox xalq mahnısını nota salıb, marş, kantata, fantaziya, mahnı və romanslar, kamera və xor əsərləri yazıb. Maraqlıdır ki, həm Azərbaycan Xalq Cümhuriyyətinin, həm də sovet Azərbaycanının himnləri dahi sənətkara məxsus olub. Müstəqilliyimizi qazandıqdan sonra xalqımıza azadlıq şərafəti çatdıran ilk himni biz bu gün yenə də məhəbbətlə səsləndiririk.

Üzeyir Hacıbəyli təkcə musiqi bəstələmirdi, həm də xalq musiqisinin nəzəri əsaslarını gələcək nəslə çatdırmaq üçün müxtəlif vəsaitlər hazırlayırdı. 1945-ci ildə nəşr edilmiş “Azərbaycan xalq musiqisinin əsasları” adlı elmi əsəri Üzeyir Hacıbəylinin musiqişünas-alim olaraq mükəmməl fəaliyyətinin yadigarı kimi bu gün də musiqi dərsliyi kimi istifadə edilir. O, Azərbaycan musiqisində köklü dönüş yaratmış əsl dahidir. Bu gün adını çox iftixarla qeyd etdiyimiz Üzeyir Hacıbəyli Azərbaycan musiqi mədəniyyəti tarixində yeni gəlişmə yollarının və milli bəstəkarlıq məktəbinin özülünü qoymaqla yanaşı, Azərbaycan musiqisi tarixində ilk opera, ilk musiqili komediya və bir sıra digər janrlarda ilk nümunələrin yaradıcısı kimi xatırlanır.

Xalq artisti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli AZƏRTAC-a açıqlamasında Üzeyir Hacıbəylinin zəngin və çoxşaxəli yaradıcılığından, Azərbaycan professional musiqi sənətinin inkişafında oynadığı müstəsna roldan danışıb.

O bildirib ki, Üzeyir Hacıbəylinin zəngin irsi hər gün tələbələrə konsertlər, elmi-praktik konfranslar və bəstəkarın yaradıcılığına həsr olunan müxtəlif tədbirlər vasitəsilə çatdırılır. Qeyd edib ki, Üzeyir Hacıbəylinin Azərbaycan musiqi mədəniyyətinin inkişafı istiqamətində gördüyü işlər misilsiz əhəmiyyət daşıyır.

Hər il keçirilən Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalının əhəmiyyətindən danışan Fərhad Bədəlbəyli festivalın xüsusi önəm daşıdığını vurğulayıb. “Bütün fəaliyyətimiz Üzeyir Hacıbəylinin adı və zəngin irsi ilə bağlıdır. Həyata keçirdiyimiz layihələrin – opera, balet, caz və kamera musiqisinin hər biri Üzeyir bəyin yaradıcılıq irsinin təbliğinə, onun musiqi irsinin yaşadılmasına təbliğ edir.

Bəstəkar, Əməkdar artist Vüqar Camalzadə bildirib ki, Üzeyir Hacıbəyli Azərbaycan musiqisinin zəngin və çoxəsrlik ənənələrini yeni mərhələyə yüksəldərək peşəkar musiqi sənətinin əsasını qoyub: “Onun yaradıcılığı milli musiqimizin inkişafında mühüm dönüş nöqtəsi olub və Azərbaycan musiqisinin dünya mədəniyyətində tanınmasına böyük imkan yaradıb. Üzeyir bəyin davamçıları da bu ənənələri yaşadaraq Azərbaycan musiqi xəzinəsini yeni əsərlərlə zənginləşdiriblər. Onların yaradıcılığında simfoniyalar, baletlər, kantatalar və digər irihəcmli musiqi əsərləri mühüm yer tutur. Bu gün əsas məqsəd həmin zəngin irsi qorumaqla yanaşı, milli musiqimizi müasir dövrün tələblərinə uyğun şəkildə inkişaf etdirmək və gələcək nəsillərə ötürməkdir. Azərbaycan musiqisinin zəngin və çoxəsrlik ənənələri bu gün də yaşadılır”.

Azərbaycan musiqişünaslığında Üzeyirşünaslıq istiqamətinin formalaşmasının dahi bəstəkarın irsinin tükənməzliyini göstərdiyini vurğulayan sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Səadət Təhmirazqızı deyib: “Musiqişünaslar daim Üzeyir Hacıbəylinin yaradıcılığına müraciət edərək yeni faktları üzə çıxarır, onun əsərlərinin müxtəlif aspektlərini araşdırırlar. Üzeyir Hacıbəyli öz xalqı və onun mədəniyyəti üçün elə böyük bir sərvət yaradıb ki, o bitib-tükənən deyil. Bizim üzərimizə düşən ən böyük məsuliyyət həmin irsi qorumaq, gələcək nəsillərə çatdırmaq və düzgün şəkildə təbliğ etməkdir”.

Dahi Üzeyir Hacıbəylinin işıqlı xatirəsi xalqın qəlbində əbədi olaraq daim yaşayacaq.

Oxuməni.az