Lionsgate studiyası "Maykl" filminin davamının çəkiləcəyini elan edib

Lionsgate studiyası "Maykl" filminin davamının çəkiləcəyini elan edib

Bəyəndim (1) Bəyənmədim (0)

Əfsanəvi müğənni Maykl Cekson haqqında çəkilmiş "Maykl" adlı bioqrafik lent bütün rekordları qırıb. Film dünya prokat tarixində 977 milyon dollar gəlir əldə edərək ən çox gəlir gətirən ekran əsəri olub. Bu uğur dalğasında Lionsgate studiyası bioqrafik filmin davamının çəkiləcəyini elan edib. Oxuməni az xəbər verir ki, bu barədə Variety məlumat yayıb.

Studiya istehsalata bu ilin sonu və ya 2027-ci ilin əvvəlində başlamağı planlaşdırır. Lionsgate-in kino şöbəsinin rəhbəri Adam Foqelsonun sözlərinə görə, filmin ikinci hissəsinin premyerası gələn ilin sonuna və ya 2028-ci ilin birinci yarısına nəzərdə tutulub.

"Bizim əvvəllər çəkilmiş bir sıra səhnələrimiz, xüsusən də bəzi böyük musiqili nömrələrimiz var ki, onlar mütləq ikinci hissədə yer alacaq. Hazırda biz əsasən ən miqyaslı və ən yaxşı sikveli münasib qiymətə ərsəyə gətirməyə diqqət yetiririk. Tamaşaçılar ilk dəfə onlara bəxş etdiyimiz təcrübədən sonra məhz bunu istəyəcək və buna layiqdirlər", – deyə Foqelson qeyd edib.

Xatırladaq ki, "Maykl" filmi Maykl Ceksonun "The Jackson Five" qrupunun gənc solistliyindən musiqi sənayesini dəyişən dünya ulduzuna çevrilməsinə qədər olan yolundan bəhs edən bioqrafik dramdır. Onun istedadı, sevdiyi işə sədaqəti və daim inkişafa can atması dünya miqyasında tanınmasına və bütün zamanların ən nüfuzlu artistlərindən birinə çevrilməsinə kömək edib.

Filmin rejissoru Antuan Fukua, ssenaristi isə Con Loqandır. Baş rolu Ceksonun doğma qardaşı oğlu Cəfər Cekson ifa edib. Aktyor heyətində həmçinin Kolman Dominqo, Niya Lonq, Maylz Teller, Laura Harrier, Ket Qrem, Lorens Teyt, Derek Lyuk və bir çox başqaları yer alıb.

Almaz Həsənli