“Oskar” münsiflər heyəti “Odisseya” filmini heyranlıqla qarşılayıb

“Oskar” münsiflər heyəti “Odisseya” filmini heyranlıqla qarşılayıb

Bəyəndim (1) Bəyənmədim (0)

Amerika Kino Akademiyası Los-Anceles, Nyu-York və Londonda Kristofer Nolanın “Odisseya” filminin nümayişini təşkil edib. Nümayişlər hər il “Oskar” mükafatı üçün səs verən akademiya üzvləri üçün keçirilib. Oxuməni.az xəbər verir ki, “Variety” nəşrinin məlumatına görə, qonaqlar filmdən çox təsirləniblər.

“Düşünmürdüm ki, “Oppengeymer”i və Nolanın ilk filmi olan “Təqib”i (Following) üstələmək olar. Amma o, bunu bacardı. O, dövrümüzün ən əhəmiyyətli rejissorudur”, - deyə adının açıqlanmasını istəməyən akademiya üzvlərindən biri öz təəssüratlarını bölüşüb.

Hər üç nümayiş demək olar ki, tam dolu zallarla keçib, bu da “Oskar”da səs verən kinematoqrafçıların Nolanın ekran işinə böyük maraq göstərdiyini sübut edir. Nəşr əlavə edir ki, Amerika Kino Akademiyasının üzvləri titrlər bitdikdən sonra filmi bir-biri ilə müzakirə etməyə tələsiblərmiş.

“Məncə, çox möhtəşəm idi. Bəlkə bir az uzun çəkdi, amma miqyası heyranedicidir”, - deyə digər bir akademiya üzvü öz fikrini bildirib. Adının gizli qalmasını istəyən başqa bir aktyor isə “Odisseya”da rol alan sənətçilərin oyununa diqqət çəkərək, filmdə “Hollivudun bütün ulduzlar komandası”nın toplandığını vurğulayıb. Kino sənayesinin digər bir nümayəndəsi isə “Düşünürəm ki, Mett Deymon “Oskar” almalıdır”, - deyə proqnoz verib və nümayiş zamanı iki dəfə ağladığını etiraf edib.

Kristofer Nolanın “Odisseya” filmi iyulun 17-də dünya prokatına çıxıb və 250 milyon dollarlıq büdcəsi ilə artıq dünya üzrə 320 milyon dollardan çox gəlir əldə edib. Rejissorun əvvəlki filmi olan “Oppengeymer” “Ən yaxşı film” nominasiyası da daxil olmaqla, yeddi “Oskar” mükafatına layiq görülmüşdü.

Almaz Həsənli