“Yura dövrü parkı”-nın aktyoru Sem Nil vəfat edib-Foto

“Yura dövrü parkı”-nın aktyoru Sem Nil vəfat edib-Foto

Bəyəndim (1) Bəyənmədim (0)

Yeni Zelandiyalı aktyor Sem Nil 78 yaşında vəfat edib. Oxuməni.az “The New York Times” nəşrinə istinadla xəbər verir ki, Nilin ailəsi İnstaqram səhifəsində aktyorun Sidney klinikalarından birində, doğmalarının və yaxınlarının əhatəsində dünyasını dəyişdiyini bildirib. Aprelin sonunda Nil 2022-ci ildə diaqnoz qoyulan onkoloji xəstəliklə mübarizəni uğurla başa vurduğunu elan etmişdi.

Aktyorun ölümü ilə bağlı başsağlığını, digərləri ilə yanaşı, Avstraliyanın Baş naziri Entoni Albaniz də ifadə edib. “Sem xəstəliklə mübarizəni hər bir çıxışına güc verən ləyaqət, yumor və əminliklə aparırdı. Onun üçün çox kədərlənəcəklər və onu uzun müddət xatırlayacaqlar”, - deyə Albaniz X sosial şəbəkəsində yazıb.

Sem Nil (tam adı Naycel Con Dermot Nil) 1947-ci il sentyabrın 14-də atasının xidmətdə olduğu Şimali İrlandiyada anadan olub. 1954-cü ildə Nilin ailəsi vətənlərinə — Yeni Zelandiyaya qayıdıb. Nil karyerasına teatr aktyoru kimi başlayıb. Onun karyerasında dönüş nöqtəsi ABŞ-da geniş prokata çıxan ilk Yeni Zelandiya filmi olan “Yatan itlər” (1977) filmindəki rolu olub. Bundan sonra Nil Hollivud filmlərində görünməyə başlayıb.

1993-cü ildə Nil Ceyn Kempionun rejissoru və ssenaristi olduğu “Piano” filmində rol alıb. Bu ekran əsəri Kann kinofestivalının “Qızıl palma budağı” mükafatını və bir neçə “Oskar” qazanıb. Elə həmin il Stiven Spilberqin çəkdiyi “Yura dövrü parkı” filmi işıq üzü görüb və Nil orada əsas rollardan birini oynayıb. Sonrakı illərdə aktyor bu franşizanın bir neçə sikvelində çəkilib. Nil, həmçinin “Bəzi korlar” (Peaky Blinders) və “Tüdorlar” seriallarında rol alıb, “Simpsonlar” və “Rik və Morti” cizgi seriallarının epizodlarında görünüb. “Reyli: Casuslar kralı” (1983) mini-serialındakı roluna görə o, “Qızıl qlobus” mükafatına namizəd göstərilib.

Ümumilikdə, 50 illik karyerası ərzində aktyor 150-dən çox film və serialda çəkilib.

Almaz Həsənli