İranlı müğənni hicabsız çıxış etdiyinə görə 74 qamçı cəzasına məhkum edilib

İranlı müğənni hicabsız çıxış etdiyinə görə 74 qamçı cəzasına məhkum edilib

Bəyəndim (1) Bəyənmədim (0)


İranlı müğənni Parastu Ahmadi və onun prodüserlik komandasının səkkiz üzvü hicabsız çıxış etdiklərinə görə 74 qamçı cəzasına məhkum ediliblər. Oxuməni.az xəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb.
Qum əyalətinin cinayət məhkəməsinin məhkəmə sənədlərinə əsasən, sənətçilərə iki il müddətinə ölkədən çıxış etmək və yaradıcılıqla məşğul olmaq qadağan edilib. Onlar internetdə "içərisində vulqar və əxlaqsız məzmun" yerləşdirdikləri üçün ictimai əxlaqı təhqir etməkdə ittiham olunublar.
Söhbət 2024-cü ilin dekabr ayında baş tutan konsertdən gedir. Bu konsertdə 29 yaşlı Ahmadi "Az Khoone Javanane Vatan" ("Vətən gənclərinin qanından") adlı vətənpərvər mahnısını hicabsız olaraq özünün YouTube kanalında canlı yayımlayıb. Bu çıxış viral olub və milyonlarla baxış toplayıb.
Videonun yayımlanmasından qısa müddət sonra müğənni və bir neçə musiqiçi qısa müddətə saxlanılıb, daha sonra isə onlara qarşı rəsmi iş açılıb.
"The Guardian" qeyd edir ki, hüquq müdafiəçiləri bu hökmü nümunəvi tədbir hesab edirlər. İrandakı İnsan Hüquqları Mərkəzinin hüquq müdafiə fəaliyyəti üzrə direktoru Bəhar Gandehari bildirib ki, Ahmadinin cəzası ölkədə insan hüquqları vəziyyətində dəyişikliklərin olmadığını təsdiqləyir. O vurğulayıb ki, rəsmi təbliğatla sənətçilərin təqib edilməsi arasındakı fərq "rejim təbliğatı ilə reallıq arasındakı uçurumu" göstərir.
Aktyor Setareh Maleki etiraf edib ki, Ahmadinin çıxışı onu çox təsirləndirib. O, konsert videosunu bir neçə dəfə yenidən izlədiyini qeyd edib.
"Karşılaşacağı bütün nəticələri bilə-bilə, o yenə də bir qadın olaraq yaşamaq, oxumaq və eşidilmək hüququndan imtina etmədi. İranlı qadınlar heç vaxt, bir an belə olsun, zülmə qarşı mübarizəni dayandırmırlar - və bu, həqiqətən də heyrətamizdir," - deyə o bildirib.
Almaz Həsənli