76-cı Berlin Film Festivalının açılışı olub

76-cı Berlin Film Festivalının açılışı olub

Bəyəndim (2) Bəyənmədim (0)


Cümə axşamı Berlində "No Good Men" dramının nümayişi ilə 76-cı Berlin Film Festivalı açıldı. Filmi əfqan rejissor Şarbanu Sadat çəkib. Oxuməni.az-ın məlumatına görə, bu barədə "Deutsche Welle" xəbər verir.
Bu ilki münsiflər heyətində dünya kinosunun klassiki, alman kino ustası Vim Venders (Wim Wenders) yer alır. Onun həyat yoldaşı Donata Venders (Donata Wenders) festivalın açılışında ərinin filmləri olan köhnə VHS kasetlərindən tikilmiş paltarda göründü.
Açılışda həmçinin "Oskar" mükafatı laureatı, malayziyalı aktrisa Mişel Yeo ("Wicked") də iştirak edib. O, kino sənətinə verdiyi töhfəyə görə fəxri mükafata layiq görülüb, “dpa” agentliyi bildirib.
Festivalı AFR-in mədəniyyət və media məsələləri üzrə dövlət naziri Volfram Vaymer (Wolfram Weimer) və Berlinin idarəedici burqomistri Kay Veqner (Kai Wegner) ziyarət ediblər. Festival 12-22 fevral tarixlərində keçiriləcək. Forumda 276 film nümayiş olunacaq. Onlardan 22-si "Qızıl" və "Gümüş Ayı" mükafatları uğrunda mübarizə aparacaq. Mükafatlandırma mərasimi 21 fevralda keçiriləcək.
Berlin Film Festivalı heç vaxt qırmızı xalçası ilə məşhur olmayıb. Əsas diqqət həmişə rejissorlara yönəldilib, onların bir çoxunu dünyaya məhz Berlin festivalının seçiciləri tanıdıb. Görünür, festivalın proqramını formalaşdıran bədii rəhbər Trişa Tattl vəziyyəti dəyişməyə çalışır və aktyorlara üstünlük verib.
Bu ilki müsabiqədə baş rolları dünya ulduzlarının oynadığı bir neçə layihə var. Avropalı aktrisalardan – Sandra Hüller "Qızıl Gül"də və Julyett Binoş "Dənizdəki Kraliça"da; Hollivudun sevimli aktyorlarından – Çenning Tatum ("Jozefina"), Ell Fanning ("Gül kollarının budanması") və Emi Adams ("Dəniz kənarında").
Almaz Həsənli