"Call of Duty" videooyununun tərtibatçısı Vins Zampella həlak olub

"Call of Duty" videooyununun tərtibatçısı Vins Zampella həlak olub

Bəyəndim (2) Bəyənmədim (0)


"Call of Duty" videooyun seriyasının yaradıcılarından biri və "Infinity Ward" və "Respawn Entertainment" studiyalarının rəhbəri Vins Zampella, Los-Anceles yaxınlığında dəhşətli qəzada həlak olub. Bu barədə Oxuməni.az “NBC Los Angeles”-ə istinadən xəbər verir. Onun 55 yaşı vardı.
Hadisə ötən həftə sonu baş verib. Polis hesabatına görə, avtomobil yüksək sürətlə yoldan çıxaraq beton maneəyə çırpılıb. Zərbə nəticəsində sərnişin maşından bayıra atılıb, sürücü isə yanmağa başlayan nəqliyyat vasitəsinin salonunda qalıb. Sürücü hadisə yerində, sərnişin isə xəstəxanaya aparıldıqdan sonra vəfat edib.
Zampellanın həlak olmasını "X" sosial şəbəkəsində onun həmkarlarından biri və "The Game Awards" təşkilatçısı Ceff Kili təsdiqləyib.
Amerikalı Vins Zampella videooyun tərtibatçısı və prodüseri idi. O, videooyun sənayesindəki karyerasına "GameTek" nəşriyyatında başlayıb. Daha sonra 2002-ci ildə Qrant Kolyer və Ceyms Uest ilə birlikdə "Infinity Ward" şirkətini təsis edib. Zampella "Battlefield 6", "Call of Duty", "Call of Duty 2", "Call of Duty 4: Modern Warfare" və "Call of Duty: Modern Warfare 2" kimi əfsanəvi oyunları yaradıb. 2003-cü ildə şirkət böyük amerikalı oyun nəşriyyatçısı Activision tərəfindən alınıb. 2010-cu ildə "Infinity Ward"dan ayrıldıqdan sonra "Respawn Entertainment" studiyasını təsis edib və burada "Titanfall" və "Apex Legends" oyunlarının inkişafına rəhbərlik edib.
Son illərdə Zampella "Battlefield" seriyasının inkişafı ilə məşğul olub və "Electronic Arts"ın aparıcı prodüserlərindən biri vəzifəsini tutub. Onun son böyük layihəsi bu il oktyabrın 10-da təqdim olunan "Battlefield 6" franşizasının yenidən buraxılışı olub.
"Call of Duty" seriyasından olan oyunlar 500 milyondan çox nüsxədə satılıb. Bu, "Mario" və "Tetris"dən sonra dünyada üçüncü ən çox satılan franşizadır.
Almaz Həsənli