Şəki tarixin yaddaşında

Şəki tarixin yaddaşında

18 Dekabr 13:34
Bəyəndim (1) Bəyənmədim (0)

Azərbaycanın ən qədim bölgələrindən olan Şəki haqqında danışarkən diqqətli və məsuliyyətli olmaq vacibdir. Söhbət 2700 illik keçmişi- tarixi olan bir bölgədən gedir. Azərbaycan tarixçiləri apardıqları araşdırmalardan sonra belə bir qərara gəlmişlər ki, Şəkinin adı eramızdan əvvəl VII əsrdə müasir Azərbaycan ərazisində məskunlaşan və qədim türk tayfalarından olan sakların etnoniminə gedib çıxır. Şəki I əsrdə əhalisinin böyük hissəsi türklərdən ibarət olan və orada yaşayanların 80-90 faizinin Türk dilində danışan (müasir Azərbaycanda olduğu kimi) Albaniya dövlətinin ən böyük şəhərlərindən biri olmuşdur. Qədim türk-albanların əsas məbədi orada yerləşirdi.

Şəki krallığı Şəki ərəb istilasından əvvəl mühüm siyasi və iqtisadi şəhərlərdən biri olmuşdur. Şəki xanlığı XVIII əsrdə Qafqaz xanlıqları arasında ən güclü feodal dövlətlərindən idi. Şəki xanlığının mövcud olduğu dövrdə şəhərin yerli əhalisi ipəkçilik, sənətkarlıq və ticarətlə məşğul olurdu. Tarix boyu şəhər dəfələrlə dağıntılara məruz qalmış və buna görə hazırda qorunan ən qədim tarixi və memarlıq abidələri yalnız XVI-XIX əsrlərə aiddir. Əsrlər boyu Şəki ipəkçiliyin mərkəzi kimi məşhur olmuşdur. Əvvəlcə Kiş çayının sol sahilində yerləşən şəhər təpədən aşağıda yerləşirdi, lakin 1772-ci ildə dağıdıcı seldən sonra indiki yerinə köçürüldü və Şəki xanlığının paytaxtı oldu. Yeni yer Nuxa kəndinin yaxınlığında olduğu üçün 1968-ci ilə qədər Şəki adını aldıqdan sonra şəhər Nuxa kimi də tanındı. Şəki tarixi abidə baxımından çox zəngin bir bölgədir. Bölgədəki abidələrin bəziləri müdafiə xarakterlidir. Belə abidələrdən biri Narınca qalasıdır. O, şəhərin şimal-şərq hissəsində cənubdan 710 metr, şimaldan 750 metr, dəniz səviyyəsindən yüksəkdə, səfalı bir ərazidə yerləşir. Qala Azərbaycanda ilk müstəqil xanlığın əsasını qoyan Şəki xanı Hacı Çələbinin dövründə (1743-1755) tikilmişdir. Qala divarlarının xaricdən ümumi uzunluğu 1300 metrdir. Ərazisinin relyefi və müdafiə əhəmiyyəti nəzərə alınaraq qalanın cənubdan hündürlüyü 8 metr olduğu halda, şimala doğru 4 metrə enir. Divarın qalınlığının 2,2 metr olması onun möhtəşəmliyini və davamlılığını bir daha artırır. Qalanın cənubdan və şimaldan ikitağlı darvazası vardır. Xan sarayı da Şəkinin çox qiymətli memarlıq abidəsidir. Şəki xanlarının yay sarayı olan bu bina Azərbaycanda ilk müstəqil xanlığın əsasını qoyan Hacı Çələbi xanın nəvəsi Hüseyn xanın dövründə 1761-1762-ci illərdə istifadəyə verilmişdir. Hüseyn xan eyni zamanda “Müştaq” təxəllüsü ilə şeirlər yazdığından bəzi mənbələrdə bu saray “Müştaq imarəti” kimi də qeyd olunmuşdur. Ərazisindən böyük ipək yolunun keçdiyi Azərbaycanın ən qədim sənətkarlıq, ipəkçilik və ticarət şəhəri olan Şəki karvan yolları vasitəsilə digər xanlıqların və bir çox xarici ölkələrin ticarət mərkəzlərini özündə birləşdirirdi.Əlbəttə ki, belə bir təbii-coğrafi və strateji şəraitə malik şəhərdə karvansaraların olmaması mümkün deyildir.

Özünün böyüklüyü və ticarət üçün əlverişliyi ilə bütün Zaqafqaziyada məşhur olan Yuxarı Karvansara dövrümüzə qədər gəlib çatmış iki karvansaradan biridir. Ümumi sahəsi 6000 kvadrat metr olan Yuxarı Karvansaraya Şəki memarlığı üçün səciyyəvi olan kərpic və çay daşının birlikdə işlədilməsi xüsusi görkəm verir. XVIII-XIX əsrlərdə Şəkidə olan 5 böyük karvansaradan dövrümüzə qədər yalnız ikisi- Yuxarı Karvansara və Aşağı Karvansara gəlib çatmışdır. Sahəsinə görə Yuxarı Karvansaradan bir qədər böyük olan Aşağı Karvansara küçəyə baxan hissədə 12 metr, şərq və qərb tərəfdə isə 10 metr hündürlükdədir. XVIII-XIX əsrlərdə tikilmiş Ömər Əfəndi məscidinin fasadı bişmiş kərpic naxışları ilə diqqəti xüsusilə cəlb edir. Fasaddakı kərpic karniz, divar səthindən qabağa çıxan nazik tağlarla işlənmiş pəncərəüstü, bir-birini əvəz edən kərpic və daş hörgü sıralarından ibarət pəncərəarası divarlar onun memarlıq simasını tamamlayır. Bu məscid 1745-1750-ci illərdə Hacı Çələbi Xan tərəfindən tikildiyindən xalq arasında “Xan məscidi” adlandırılır... Nümunə kimi adlarını çəkdiyimiz bu memarlıq abidələri Şəkidəki tarixi tikililərin bir qismidir. İndi isə Şəkinin brendi hesab olunan ipəkçilik barədə danışmaq istərdik.

Azərbaycanda ipəkçiliyin inkişafı əsas etibarilə şimal-qərb bölgəsinin, xüsusilə də Şəkinin adı ilə bağlıdır. Burada ipəkçilik ənənələri əsrlər boyu qorunub saxlanılmış, inkişaf etmiş, yerli əhalinin sosial həyatında mühüm rol oynamışdır. Əvvəllər Şəkidə ipəkçiliklə şəxsi fabriklərdə, emalatxanalarda sahibkarlar məşğul olmuş, məhdud şəkildə fəaliyyət göstərmişlər. Sonralar Şəki ipəyinin şöhrəti həm ölkədə, həm də ölkədən xaricdə yayılmış, bu məhsula olan tələbat artmağa başlamışdır. Azərbaycanın “Böyük İpək Yolu”nun üzərində yerləşməsi bütövlükdə respublikada, xüsusən də Şəkidə bu sahənin təşəkkül tapmasına və inkişafına səbəb olmuş, digər ölkələrlə ticarət iqtisadi əlaqələrinin genişlənməsinə təkan vermişdir. XVIII-XIX əsrlərdə Şəkidə ipəkçilik özünün ən yüksək inkişaf nöqtəsinə çatmışdır. Bu illərdə Azərbaycanda hər il 9-10 min ton yaş barama məhsulu istehsal edilmiş, ipək məhsulları əsasən Rusiyaya, oradan isə Avropa ölkələrinə ixrac olunmuşdur. Xüsusən də Şəkidə istehsal edilən ipək öz keyfiyyəti ilə fərqlənir, xarici bazarlarda yüksək qiymətləndirilirdi. İlk dəfə 1829-cu ildə Şəki şəhərində ipək zavodu inşa edilmiş və 1830-cu ildən başlayaraq ipək parça istehsalı təşkil edilmişdir.

XX əsrin 60-70-ci illərində Azərbaycanda ipəkçilik yenidən inkişaf etmiş, ildə 7800 ton yaş barama məhsulu hasil edilmişdir. 70-80-ci illərdə ölkəmizdə, o cümlədən Şəkidə ipəkçiliyin inkişafı xüsusilə vüsət almışdır. Həmin illərdə respublikada ildə 5-6 min ton yaş barama və ondan 350-400 ton xam ipək istehsal olunur, on milyonlarla kvadrat metr müxtəlif çeşidli ipək parça toxunurdu. 2005-ci ildə Qara Dəniz, Xəzər Dənizi və Orta Asiya İpək Assosasiyası (BASCA) yaradılmışdır. Qurumun əsas vəzifələri kənardan resursları cəlb etməklə ipəkçilik layihələri həyata keçirmək, o cümlədən ikitərəfli və çoxtərəfli əməkdaşlığı təmin etməkdir...

Şahin Aydəmir