ARAZ ÇAYINA "VOLQA" DEDİLƏR

ARAZ ÇAYINA "VOLQA" DEDİLƏR

Bəyəndim (2) Bəyənmədim (0)

Volqa çayının tarixən bir neçə adı olmuşdur. Onlardan ən qədimi Arazdır. Bundan başqa rusofillərlə persofillərin Amu Dərya adlandırdıqları Amur Tenqiz çayının qədim adı Araz idi. Araz qədim Ön Asiyanın alplıq və ərənlik tarixini yazan nəsillərindən biridir. Onlar aslana sitayiş edir, özlərinə Araslan deyirdilər. Başlarına aslan başı formasında dəmir dəbilqə qoyurdular. Özlərini Araslan adlandıran o igidlər Urartu qoşunları ilə vuruşa-vuruşa Van gölü vadisindən Göyçə gölü ətrafında çəkildilər. Urartu qaya rəsmlərində onlar aslan başlı, adam bədənli döyüşçülər kimi təsvir olunmuşdur. Onların Volqa çayı ilə Amur Tenqiz arasında, Qafqazda, sonralar cənubi rus çölləri adlandırılan Türk torpaqlarında saldıqları şəhər və kəndlər tarixi mənbələrdə Araz, Aras, Arasbar, Araslan, Arasxan adlandırılır. Həsən Əfəndi yazır ki, Arasxan Səfəvi şahlarının zamanında Araz çayı boyunda mahal və xanlıq idi. Yaşar Yücel yazır ki, Araz və Aran türkmənləri Qazi Bürhanəddinlə birləşib xristianlarla və Misir məmlükləri ilə vuruşurdular. Qədim Rusiya kitabının 1850-ci il nəşrində göstərilir ki, Azov tatarlarının Araslan adlı xanı slavyanlarla döyüşürdü. Baltik dənizi ilə Qara dəniz arasında 8 Tur və Turuk şəhəri var idi. Onların bir neçə xanı Araslan titulu daşıyırdı. Bunlardan başqa Başqurd xalqının da Araslan ağa adlı bəyləri, xanları olmuşdur. Araz nəslinin bir neçə zadəganı Azov ətrafının və Krımın işğalından sonra xristian dinini qəbul edib ruslaşdı. Onlardan birinin adı Rusiya zadəganlarının Barxatnaya Kniqa kitabında Araslan Murza, biri Araslan aqa kimi yazıya alınmışdır. Dilçilik İnstitutunda nəşr olunan lüğətlərdə isə iddia olunur ki, guya Araz çayının və Arasbar mahalının adı İran dillərindən alınmadır.

İlhami Cəfərsoy, tarixçi alim