Bakıda ilk dəfə İƏT Mədəniyyət Festivalı keçiriləcək
5-11 dekabr tarixlərində Azərbaycanın paytaxtı İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə "İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcılıq Həftəsi 2025" keçiriləcək.
Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, 2019-cu ildən bəri İƏT tərəfindən müxtəlif üzv ölkələrdə təşkil edilən festival mədəniyyət və yaradıcı sənaye sahələrində əməkdaşlığı dərinləşdirməyi, eləcə də xalqlar arasında qarşılıqlı anlaşma və dostluq münasibətlərini inkişaf etdirməyi hədəfləyir.
Azərbaycanın ilk dəfə ev sahibliyi edəcəyi tədbir ölkənin beynəlxalq mədəni arenada artan rolunu və regionda multikulturalizm, dialoq və əməkdaşlıq ənənələrinin təşviqinə verdiyi töhfəni bir daha nümayiş etdirəcək.
Festivalın əsas diqqət mərkəzində mədəniyyətlərarası dialoqun inkişafı və tolerantlıq, sülh və müxtəlifliyə hörmət kimi İslam dəyərlərinin təşviqi olacaq. Bundan əlavə, festival iqtisadiyyat, təhsil, elm və turizm sahələrində birgə layihələrin təşviq edilməsini, üzv dövlətlər arasında davamlı tərəfdaşlıqların qurulmasını və yaradıcı sənaye sahələrinin qlobal iqtisadiyyata inteqrasiyasını gücləndirməyi planlaşdırır. 50-dən çox ölkədən 300-dən çox qonağın, o cümlədən hökumət rəsmilərinin, beynəlxalq təşkilatların nümayəndələrinin, elm, mədəniyyət və incəsənət sahələrinin tanınmış simalarının, eləcə də yaradıcı sənaye mütəxəssislərinin iştirakı gözlənilir. Ümumilikdə festival 5000-dən çox iştirakçını bir araya gətirəcək.
Festival çərçivəsində İƏT Mədəniyyət Nazirlərinin yüksək səviyyəli görüşü, “Mədəni və Yaradıcı Sənaye Forumu” (MYFORUM), “Creative Village: Mədəni və Yaradıcı Sənaye Sərgisi” (MYEXPO), "Baku Cinema Breeze - 2025" beynəlxalq film proqramı, İƏT ölkələrindən gənc və tanınmış dizaynerlərin təqdimatlarını özündə birləşdirən Şərq moda şousu, beynəlxalq oyun texnologiyaları sammiti (G-HUB) və teatr, musiqi, rəqs və animasiya sahələrində müxtəlif mədəni layihələr keçiriləcək.
Almaz Həsənli




































.jpg)
.jpg)
.jpg)

















































.jpg)
