Bakı Novruza hazırlaşır

Bakı Novruza hazırlaşır

5 Mart 2013 09:51
Bəyəndim (0) Bəyənmədim (0)
Şənliyin sonunda möhtəşəm atəşfəşanlıq keçiriləcək

Bakı şəhərində Novruz şənliyi keçiriləcək. Artıq şənlik üçün hazırlıqlara başlanıb. Bu gündən başlayaraq, Qız qalası, İçərişəhər ərazisində hazırlanmış ssenari əsasında məşqlər keçirilib. Məşqin gedişinə oxucular təqdim edəcəyimiz videoda baxa bilərlər. Mədəniyyət və Turizm Nazirliyindən Milli.Az-a bildirildi ki, martın 19-da, İlaxır çərşənbə axşamı baş tutacaq şənlik "Qız qalası"nın qarşısından başlayıb, bulvarda "Saat qülləsi"nin qarşısında başa çatacaq. Şənliyin ssenari müəllifi Cənnət Səlimova, Dədə Qorqud isə Nurəddin Mehdixanlı olacaq. Bundan başqa qədim ənənələrlə zəngin olan, xoş arzular, ailəyə səadət, xoşbəxtlik və bütün bədbəxtlikdən uzaq olmaq kimi gözəl arzuların diləndiyi İlaxır çərşənbəsində təşkil olunan tədbirə Novruzun əsas atributlarından sayılan Keçəl, Kosa və Bahar qızı da qatılacaq.
Nazirlikdən tədbirin ssenarisi barədə ətraflı məlumat ala bilmədik. "Şənliyi paytaxt sakinləri xəbərdə yox, reallıqda görsünlər", - cavabı verildi. Bakı Şəhər İcra Hakimiyyətindən bildirildi ki, şənliyin sonunda möhtəşəm atəşfəşanlıq keçiriləcək.

O.M.