Balaca azərbaycanlının adı Rusiyanın Qızıl Fonduna salınıb
Rusiyada yaşayan həmyerlimiz vokal və skripka ifaçısı,11 yaşlı Əli Muradovun ifası bu ölkənin Qızıl Fonduna daxil edilib. Xəbərə görə, həmyerlimiz indiyədək qalib olduğu beynəlxalq müsabiqələr görə təltif edilib və onun adı Qızıl Fonda daxil edilib. Bu fonda adı düşən ilk azərbaycanlı olan Əli Muradovun haqqında fondun kitabında geniş informasiya dərc olunub.
Bundan başqa, 11 yaşlı həmyerlimizin adı əlaçı şagirdlərin daxil edildiyi "Medalist"lər qrupuna da salınıb. Bu münasibətilə təntənəli and içmə mərasimi keçirilib və həmyerlimizə xüsusi medal verilib. Əli Muradov 2001-ci ildə Novosibirsk şəhərində doğulub. İndi də bu şəhərdə yaşayan Əli beş yaşından musiqiyə meyil göstərib. Onu tərəddüd etmədən şəhərdəki 3 saylı musiqi məktəbinin birinci sinfinə qəbul ediblər. Skripkaçı olmaq istəyirmiş. Amma görüblər ki, gözəl səsi də var. Beləliklə, onu paralel olaraq vokal sinfinə də götürüblər.
Artıq altı yaşından klassik əsərləri ifa edir - həm vokalda, həm də skripkada. Müəllimlərinin tövsiyəsi ilə şəhərdə təşkil olunan müxtəlif müsabiqələrdə fəal iştirak etməyə başlayıb.
İstedad kimi şöhrət də onu lap tez tapdı. Novosibirsk Dövlət Opera və Balet Teatrının Böyük zalında çıxışları dəfələrlə tamaşaçı alqışları ilə kəsilib, onu böyük aktyorlara layiq hədiyyə və gül dəstələri mütəmadi sevindirməkdədir. Belə tədbirlərin birində - Gənc Skripkaçıların açıq konsertində Əli Muradovu görən Rusiyanın əməkdar incəsənət və mədəniyyət xadimi, Novosibirsk Konservatoriyasının dosenti İrena Vladimirovna Polyakova onu 1 saylı musiqi məktəbinə dəvət etdi və artıq çoxdan antikvara çevrilmiş bir skripka verib. İ.V.Polyakova, eyni zamanda, həmin məktəbdə də dərs deyir.
Əli bu məktəbdə akademik vokalla da məşğul olmağa başladı. Bu fənni ona əslən bakılı olan, vaxtilə Hovosibirsk Konservatoriyasını bitirən İrina Viktorovna Veçer tədris edirdi. Bütün bunlar böyük məsuliyyət idi və ondan gecəli-gündüzlü çalışmağı tələb edirdi. Özü də buna can atırdı.
Artıq ikinci sinifdə Əli skripkada Avropa klassik musiqisini, eyni zamanda, Azərbaycan bəstəkarlarının - Zakir Bağırov, Fikrət Əmirov və Qara Qarayevin əsərlərini məharətlə ifa edirdi.
Əli Muradov həm də klassik musiqinin vətəni olan İtaliyanı və italyan dilini çox sevir. Ona görə bu dili mükəmməl öyrənməyə çalışır. Nə vaxtsa İtaliyada təhsilini davam etdirmək istəyir.
2010-cu ildə Sankt-Peterburqda "Vivat, Talant!" adlı beynəlxalq festivalda iştirak etmək üçün Finlandiya, Belarus, İrlandiya və Rusiyanın müxtəlif şəhərlərindən gələn istedadlar arasında Əli Muradov da vardı. Bu yarışmada üç nominasiya - "Solo", "Duet" və "Ansambl" üzrə çıxış edərək ayrılıqda hər birinin qalibi oldu.
2011-ci ilin martında Krasnoyarskda keçirilən uşaq və gənclərin yaradıcılığına həsr olunan beynəlxalq müsabiqədə də Əli Muradov birinci yerə layiq görüldü və 2011-ci ilin noyabrında Moskvada keçirilməsi nəzərdə tutulan final mərhələsinə vəsiqə qazanıb. Eyni zamanda, "Moskva-Paris-tranzit" beynəlxalq festivalına dəvət olunub. 2011-ci ildə Novosibirskdə təşkil olunan simli alətlərin gənc ifaçılarının Birinci açıq müsabiqəsində də Əli Qran-priyə layiq görülüb.
O.M.

.jpg)



























































































