Poeziya Buketi

Poeziya Buketi

24 İyun 10:31
Bəyəndim (0) Bəyənmədim (0)

Pərvin Həsrətli

DÜNYA

Bir ömür vermisən, qəm dolu yüklə,

Bəxtim də daş olub lal bir sükutla.

Ağlayan gözümdən hər düşən damla,

Sel olub axsa da, görünmür, dünya.

***

Vaxtsız saçlarıma qar ələmisən,

Ömrün baharında dumansan, çənsən.

Dərdlərdən ömrümə çələng hörmüsən,

Bu, alın yazımdan silinmir, dünya.

***

Gəl oyun oynama incə ruhumla,

Mən üsyan etmirəm göz yaşlarımla.

Sığınıb şükür etdim bəxtsiz yazıma,

Nədəndir heç qəlbim sevinmir, dünya?

***

Bu kövrək qəlbimdə dərdim dağ qədər,

Gülən gözlərimdə nisgil, qəm, kədər.

Ruhumdan ruhuma sevgilər köçər,

Eşqimin vüsalı bilinmir, dünya.

***

Ömrüm kədər dolu bir həyat yolu,

Necə qurtaracaq bu yolun sonu?

Biçilib əynimə hicranın donu,

Taleyim bəxtimlə öyünmür, dünya.

***

Pərvinəm, vaxt gəlib keçdikcə zaman,

Hökmünü sərt verir dəyişən dövran.

Bəxti taleyimə olsa da güman,

Qürurum sənə də əyilmir, dünya.

BƏXTSİZ GƏLİN

Çıxırsan qarsıma hər gün sən mənim,

Səni görən anda kövrəlir qəlbim.

Beləcə yadımdan çıxır öz dərdim,

Dərdini de mənə, ey bəxtsiz gəlin.

***

Sanki dərdlərinə qucaq açmısan,

Sevincinə düşmən, dədrdə dostmusan?

İçdən ah çəkərək mənə baxırsan,

Dərdini de mənə, ey bəxtsiz gəlin.

***

Durma qəmli-qəmli, sızlatma məni,

İncidir bu duruş dərdli qəlbimi.

Nədir bu gənckən bükən qəddini?

Dərdini de mənə, ey bəxtsiz gəlin.

***

Qəm-kədər içində qalmısan üzgün,

Baxışın kədərli, baxışın süzgün.

Sənin də taleyin güləcək bir gün,

Dərdini de mənə, ey bəxtsiz gəlin.

***

Öz yaşadığımı söyləsəm sənə,

Özünə bəxtəvər deyərsən yenə.

Vaxt gələr həyatı sevərsən yenə,

Dərdini de mənə, ey bəxtsiz gəlin.

***

O körpə mələklər ümid sevincin,

Acı taleyində olub təsəllin.

Üzünü güldürsün o gözəl Rəbbim,

Dərdini de mənə, ey bəxtsiz gəlin.

Hazırladı İsa Rəvan